Gürcüstanın «Madneuli» şirkəti Dağlıq Qarabağda qızıl yataqlarının işlədilməsinə meyl göstərir. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim avqustun 27-də keçirdiyi mətbuat konfransında məlumat verib.
«Bu şirkətin Rusiya biznesi ilə əlaqəsi var. Onlar da məhz qızılla bağlı Dağlıq Qarabağda hansısa fəaliyyət göstərməyə çalışıblar. Azərbaycanın Gürcüstandakı səfirliyi hazırda məsələnin araşdırır. Dəqiq faktlar əldə edildikdən sonra lazımi addımlar atılacaq».
Xəzər İbrahim deyir ki, ümumən XİN-in məlumatlandırmasından sonra işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlər artıq oranı tərk ediblər. Hələ fəaliyyət göstərən şirkətlər barədə isə məlumat toplanır.
Dağlıq Qarabağda Azərbaycanın razılığı olmadan Kanada, Çin və bir neçə başqa ölkədən olan şirkətlərin fəaliyyət göstərməsi barədə dəfələrlə Milli Məclisdə də bəyanatlar səslənib. Həmin dövlətlərlə münasibətlərdə bu amilin nəzərə alınması tövsiyə olunub.