Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 21:39

Avropa Parlamenti Azərbaycanda insan haqlarına dair dinləmələr keçirir


«Ölkədə sərbəst toplaşmaq, söz-mətbuat azadlığıyla bağlı problemlər var»
«Ölkədə sərbəst toplaşmaq, söz-mətbuat azadlığıyla bağlı problemlər var»

Avqustun 27-də Brüsseldə Avropa Parlamentinin İnsan Haqları üzrə Alt Komitəsində Azərbaycan və İordaniyada insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilir. Bu haqda Avropa Parlamentinin rəsmi İnternet saytı məlumat yayıb.


Dinləmələrdə Azərbaycandan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva da iştirak edəcək. O, Azərbaycanda 2008-ci il prezident seçkiləri ərəfəsində insan haqlarının vəziyyəti haqqında çıxış edəcək və hesabat yayacaq. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupundan verilən məlumata görə, hesabatda Azərbaycanda söz, mətbuat azadlığının hazırkı vəziyyəti, toplaşma azadlığı, sosial-iqtisadi hüquqlar əsas yer tutacaq.


Yerli hüquq müdafiəçiləri hesab edir ki, insan hüquqlarının indiki vəziyyəti qərbi çox narahat edir. Hüquq müdafiəçisi Çingiz Qənizadə: «Ölkədə sərbəst toplaşmaq, söz-mətbuat azadlığıyla bağlı problemlər var. Avropa nümayəndələri də Azərbaycanda olanda, bizimlə görüşlərində buna görə çox narahatlıq ifadə edirlər. Siyasi məhbus məsələsi, ömürlük azadlıqdan məhrum olunmuşların məsələsi, jurnalistlərin həbsdə olması böyük narahatlıq doğurur».


Keçən ay Azərbaycanla bağlı ABŞ Konqresinin Helsinki Komissiyasında dinləmələr olmuşdu. Həmin vaxt Azərbaycan hakimiyyəti mətbuata qarşı təzyiqlərə görə tənqid olunmuşdu.


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, insan haqları və mətbuat azadlığı məsələləri indi beynəlxalq təşkilatların diqqətində olsa da bugünkü müzakirələrdən xüsusi nəsə gözləmir.


«Onlar işarə edirlər ki, biz bu vəziyyəti izləyirik. Düzdür, hər dəfə hər şeyi deyə bilmirlər, istədiklərində nail ola bilmirlər, amma hər halda bu məsələlərin ciddi nəzarətdə olması haqqında mesajlar verilir. Açığı indiki mərhələdə yeni qərar, ya da hansısa dəyişiklik gözləmirəm. Sadəcə, tendensiya nümayiş etdirmək baxımından hesab edirəm ki, bu məsələlərin əhəmiyyəti olacaq».


Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurası Cənubi Qafqaz dövlətlərini-Azərbaycanı, Gürcüstanı və Ermənistanı «Avropa Qonşuluq Siyasətin»ə 2004-cü ilin iyununda daxil edib.


«Avropa Qonşuluq Siyasəti» çərçivəsində münasibətlər demokratiya və hüquqi dövlət kimi ümumi dəyərlər, insan hüquqlarına və bazar iqtisadiyyatı prinsiplərinə hörmət, azad ticarət, dayanıqlı inkişaf və yoxsulluqla mübarizə kimi öhdəliklər əsasında qurulur.


XS
SM
MD
LG