Hər hansı partiya seçkidə iştirak etməyəcəyini bəyan edirsə, deməli həmin partiyanın özünün hansısa problemi var. Bu fikirləri avqustun 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O, deyib ki, siyasi partiyalar məhz hakimiyyətə iddia etmək üçün yaranır. Hakimiyyətə gəlməyin yolu da seçkilərdir: «Siyasi partiyalar hakimiyyətə gəlmək üçün bu yoldan istifadə etməlidir. Azərbaycanda partiyaların iştirakı üçün tam şərait yaradılıb».
MSK sədri əlavə edib ki, seçkilər milyonlarla insanın iştirakı ilə keçən proses olduğundan orada ideal vəziyyət axtarmaq düzgün deyil. Çünki bu və ya digər formada pozuntular dünyanın hər bir ölkəsində baş verir.
Məzahir Pənahov diqqətə çatdırıb ki, Azərbaycanda növbəti prezident seçkisi gələn il oktyabrın 15-də keçirilməlidir.
Bir sıra müxalifət partiyaları seçki mühitinin dəyişdirilməyəcəyi təqdirdə gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot edəcəklərini bildirirlər.(Trend)