Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:12

Müxalifət prezident seçkilərində iştirak edəcəkmi?


Optimistlərin fikrincə, prezident seçkiləri çox qızğın keçəcək
Optimistlərin fikrincə, prezident seçkiləri çox qızğın keçəcək

İndi siyasi gündəlikdə olan məsələlərdən biri də prezident seçkiləridir. 2008-ci il yaxınlaşdıqca bu məsələ də aktuallaşır. Amma əvvəlki dövrlərlə müqayisədə bir siyasi süstlük hiss olunur. Daha əvvəlki siyasi enerji və dinamika yoxdur. Partiyalar toplaşmır, bloklar yaranmır. Kütləvi aksiyalara icazə verilmədiyindən müxalifətin mövcudluğu demək olar ki, hiss olunmur. Ölkədə obyektiv sorğu mərkəzləri də yoxdur ki, müxalifətin real reytinqi haqqında mühakimə yürüdəsən. Hakimiyyət tam alternativsiz və opponentsiz vəziyyətdədir.


Bəzi müşahidəçilər bunu obyektiv hal kimi dəyərləndirirlər. Onların fikrincə, postsovet məkanda Azərbaycanda olduğu kimi müxalifət qalmayıb. Məlumdur ki, Azərbaycan müxalifətinin əsas qüvvəsini vaxtilə milli azadlıq hərəkatında iştirak etmiş insanlar təşkil edir. Onlar on beş ilə yaxındır ki, sırf müxalifətçilik fəaliyyəti ilə məşğuldurlar, heç bir hakimiyyət strukturunda təmsil olunmayıblar. Belə dissident müxalifət ancaq Belarusda qalıb. Digər respublikalarda, məsələn Ukraynada və Gürcüstanda müxalifət real gücə və siyasi təsirə malikdir. Bunu əsas gətirən bir sıra politoloqlar bu müxalifətin yenisi ilə əvəz olunması zərurətindən danışırlar. Onların fikrincə Azərbaycanda tamamilə yeni keyfiyyətli müxalifət yaranmalıdır. Belə fikirlər səslənir ki, bu cür müxalifəti hakimiyyətdə olan insanların özləri yaratmalıdırlar. Amma Azərbaycan gerçəkliyi tamam başqa vəziyyətdədir.


Hakim Yeni Azərbaycan Partiyası ölkəni monolit qüvvə kimi idarə edir. Bu partiya daxilində alternativ fikrin işartıları da yoxdur. Sabiq məmurlardan da yeni müxalifət yaratmaq fikrinə düşənlər yoxdur. Sabiqlər ya kənara çəkilməyə, ya da hansısa uzaq ölkədə səfir kimi fəaliyyət göstərməyə üstünlük verirlər. Yeni Azərbaycan Partiyası getdikcə ölkədə tək partiyaya çevrilir. Tək partiyalılığı ancaq qeydiyyatı olan çoxlu sayda partiyalar pozur. Bu partiyalar ancaq kağız üzərində mövcuddurlar. Ölkə rəsmi olaraq çoxpartiyalı, reallıqda isə təkpartiyalı rejimə malikdir. Prinsipcə, heç bir partiya əbədi deyil.


Qonşu Türkiyədə bir neçə il ərzində çoxlu sayda partiya siyasi səhnədən silindi. Amma orada demokratik seçkilər keçirildiyindən yeni partiyalar da meydana çıxdı. Azərbaycanda isə əks ehtimallar üstünlük təşkil edir. Bəzilərinin fikrincə 2008-ci ilin prezident seçkiləri bir çox partiyalar üçün sonuncu seçki olacaq. İnsanlar da silsilə məğlubiyyətlərdən, uğursuz siyasətçilərdən yorulublar.


Amma optimistlər də var. Onların fikrincə 2008-ci ilin prezident seçkiləri çox qızğın keçəcək. Bu fikrə onları belə bir fakt təhrik edir ki, ölkədə hakimiyyətdən narazılıq böyükdür. İlin əvvəlində baş vermiş qiymət artımı və bu günə qədər davam edən bu proses həqiqətən də hakimiyyətin reytinqinə təsir edir. Əgər real sorğu keçirilsəydi bu reytinq haqqında mühakimə yürütmək olardı. Amma müəyyən faktlar var ki, bunlar sorğusuz da hakimiyyətin reytinqi haqqında mühakimə yürütməyə əsas verir. Belə bir tendensiya da var ki, hakimiyyətin reytinqinin azalması müxalifətin reytinqinin artmasına təsir etmir, insanlar, sadəcə siyasətdən uzaqlaşırlar, siyasətlə maraqlanmırlar. Hamı öz problemlərinin həllini qeyri-siyasi sferada, siyasətdən kənarda axtarır. Bu detalı qabardan bəzi politoloqlar hətta indiki müxalifətin seçkidə iştirak etməyəcəyini söyləyir.


Elə bu səbəbdən təbii bir sual yaranır: müxalifət seçkidə iştirak edəcəkmi? Bu çox mürəkkəb məsələdir. Müxalifətin öz sıralarında 2008-ci ilin prezident seçkilərinin artıq uduzulduğunu və 2010-cu ilin parlament seçkilərinə hazırlaşmağın zəruriliyini deyənlər də var.


Amma böyük ehtimalla müxalifət seçkiləri boykot etməyəcək. Ən azı ona görə ki, boykot praktikası heç bir nəticə vermir. Üstəlik, beynəlxalq təşkilatlar da boykot siyasətini müdafiə etmirlər. Avropa Şurası açıq şəkildə bəyan edir ki, müxalifət seçkilərdə iştirak etməlidir. Elə bu səbəbdən müxalifətin bütün hallarda seçkidə iştirak edəcəyini demək mümkündür, hətta bu seçkilər uğursuz olsa belə...


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG