Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:56

Qaçqınlar Bakıdan köçürülməyəcək


Qaçqın və məcburi köçkünlər ölkə ərazisindəki 268 belə yataqxanada yaşayırlar
Qaçqın və məcburi köçkünlər ölkə ərazisindəki 268 belə yataqxanada yaşayırlar

Bakı ətrafı kəndlərdə yerləşən sanatoriya və yataqxanalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin yaşayış yerlərindən çıxarılaraq Bakıdan xeyli aralıda olan qəsəbələrə köçürüləcəyi barədə məlumatlar əsassızdır. «525»ə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən belə deyiblər. Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun sözlərinə görə, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur: «Ümumiyyətlə, belə bir məsələdən söhbət gedə bilməz».


Qaçqın və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülmə prosesinin isə bu ilin sonunadək başa çatacağını bildirən S.Hüseynov bununla da çadır şəhərciklərinin ləğv olunacağını söyləyib.


«Ekspress» qəzeti yazır ki, Azərbaycanla İran «vahid mövqedədir». Qəzet Azərbaycan və İran prezidentlərinin sitatlarını dərc edib: «Prezident Əliyev: «Bir-birimizin mövqelərini tam dəstəkləyirik», Əhmədinejat: «Azərbaycanın ədalətli mövqeyini paylaşırıq».


«İran prezident Mahmud Əhmədinejat son vaxtlar hara səfər edirsə, onu isti qarşılayırlar, hətta ABŞ-la müttəfiqlik edən ölkələrdə belə. «Ekspress»in müxbiri ilə söhbətdə İslam Respublikasının dövlət başçısını müşayiət edən jurnalistlər bunu Tehranın «haqlı siyasəti və qonşuları ilə mehriban keçinməsi» ilə əsaslandırırlar».


Prezidentlərin görüşündən bəhs edən qəzet yazır: «Dövlət başçıları beynəlxalq və regional əməkdaşlığın fonunda təhlükəsizliyin güclənməsini müzakirə ediblər».


Prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat işini gücləndirəm üçün siyasi partiyalar öz qəzetlərini açmağa başlayırlar - «Üç nöqtə» qəzeti bu haqda məqalə dərc edib.


«Artıq Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) mövqeyini müəyyənləşdirib və özünün mətbu orqanını təsis edəcəyini bildirib. Partiyadan aldığımız məlumata görə, «klassik»lərin öz qəzeti nəşrə başlayacaq… Milli istiqlalçılar da ölkənin mətbuat aləmində vaxtilə mühüm yer tutmuş «Millət» qəzetinin nəşrini bərpa etməyə çalışırlar... Açıq Cəmiyyət Partiyasının da Rəsul Quliyevin müdafiəsini gücləndirmək üçün sentyabr-oktyabr aylarında mətbu orqanları fəaliyyətə başlayacaq».


«Perspektivlərinə inanmayan müxalifətçiləri kənara çəkilsinlər»- «Yeni Müsavat» qəzetinə müsahibəsində Müsavat partiyasının başqanı İsa Qəmbər belə deyib. Yaxınlaşan prezident seçkilərinə toxunan İsa Qəmbər bildirib ki, «seçkilərdə iştirak etmək lazımdır».


«Seçkidə iştirak konkret stimuldur, şansdır. Seçki mübarizəsi təşkilatlanma, fəallıq zərurəti yaradır, ictimaiyyətin diqqətini siyasi proseslərə, siyasi qüvvələrin müqayisəsinə yönəldir. Bu baxımdan seçkiyə qatılmaqdan imtinanın qətiyyən tərəfdarı deyiləm. Yəni boykotu da tam istisna etmirəm, nəzəri cəhətdən mümkün variantlardan biri kimi saxlayıram. Ancaq hesab edirəm ki, seçkilərdə iştirak eləmək lazımdır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG