Apellyasiya Məhkəməsi «Müxalifət» qəzetinin baş redaktor Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə barəsində Yasamal məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərar məhkəmənin avqustun 16-da keçirilən iclasında verilib.
Jurnalistlərin vəkili Rəşid Hacılı deyir ki, məhkəmə heç bir araşdırma aparmadan, tərəfləri dinləmədən qərar qəbul edib. Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.
Jurnalistlər məhkəməyə əli qandallı gətirilmək istəmədikləri üçün prosesdə iştirak etməkdən imtina ediblər.
Bundan əvvəlki prosesdə də «Müxalifət»çilər məhkəməyə qandalla gətirilmələrinə və iclas zalında qəfəsdə oturmalarına etiraz ediblər. Onlar ictimaiyyət qarşısına bu formada çıxardılmalarını ləyaqətlərinin alçaldılması kimi qiymətləndirirlər.
«Müxalifət»çilər dövlət başçısının əmisi, deputat Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hazırda Azərbaycanda peşə fəaliyyətinə görə 7 jurnalist həbsdədir.