Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Orta Asiya alternativ yollar arayır


İlham Əliyevlə görüşündə Nazarbayev neftin «Bakı-Ceyhan»la nəqlinə razılıq verib
İlham Əliyevlə görüşündə Nazarbayev neftin «Bakı-Ceyhan»la nəqlinə razılıq verib

Tanınmış ABŞ politoloqu Zbiqnev Bzejinski Azərbaycanı Qafqazla Orta Asiyanı birləşdirən tıxaca bənzədirdi. Zaman keçdikcə bu bənzətmə özünü təsdiqləyir. Orta Asiya respublikaları getdikcə Azərbaycana daha böyük maraq göstərirlər. Dünən Tacikistan prezidenti Azərbaycana səfərə gəldi. Bundan bir neçə gün əvvəl Azərbaycan prezidenti Qazaxıstanda səfərdə olmuşdu. Azərbaycanı bu respublikalar üçün maraqlı edən iki əsas amil var.


Birincisi, Azərbaycan əlverişli dəhliz kimi istifadə edilə bilər. Hazırda Orta Asiya respublikalarının bütün kommunikasiya xətləri bilavasitə Rusiyadan keçir. Belə alternativsizlik bu respublikalar üçün müəyyən problemlər yaradır. Bundan ən çox əziyyət çəkən ilk növbədə neft və qaz respublikaları-Türkmənistan və Qazaxıstandır. Onlar öz ehtiyatlarını Rusiya ərazisindən nəql etməklə ciddi şəkildə uduzurlar. Belə ki, bu respublikalar öz karbohidrogen ehtiyatlarını dünya qiymətlərindən aşağı qiymətlərə satmaq məcburiyyətində qalırlar. Bakı-Tbilsi-Ceyhan neft boru xətti bu respublikaların ixrac problemini həll etmək iqtidarındadır. Əvvəlcə Qazaxıstan Rusiyadan ehtiyat edərək Bakı-Ceyhan xəttinə maraq göstərmirdi. Hətta bir-iki ay bundan əvvəl Polşada enerji sammiti keçirilərkən Rusiya prezidentini öz ölkəsində qəbul edən Nursultan Nazarbayev Qazaxıstan neftinin ancaq Rusiya ərazisindən nəql ediləcəyini bildirmişdi. Amma Azərbaycan prezidentinin son səfəri zamanı Nazarbayev neftin bir hissəsinin Bakı-Ceyhan xəttilə nəql edilməsinə razılıq verdi.


İkinci amil Azərbaycanın investisiya imkanlarıdır. Neft gəlirləri artdıqca Azərbaycanın investisiya imkanları da artır. Azərbaycan artıq Türkiyə və Gürcüstan ərazisində mühüm enerji layihələri həyata keçirməyi planlaşdırır. Azərbaycanın yaxın illərdə neftdən əldə edəcəyi gəlirlər yüz milyardlarla dollar olacaq. Təkcə Axalkalaki-Tiflis-Qars dəmiryolu xəttinin inşası üçün Azərbaycan Gürcüstana 200 milyon dollarlıq güzəştli kredit verib. Elə bu səbəbdən Tacikistan kimi ölkələr Azərbaycana maraq göstərirlər.


Burada digər amili də qeyd etmək lazımdır. Əgər Azərbaycan Orta Asiya respublikaları üçün Avropaya çıxışdırsa, Orta Asiya respublikaları da Azərbaycan üçün Asiyaya çıxışdır. Burada ikitərəfli əməkdaşlıq üçün zəmin var.


Qeyd etmək lazımdır ki, son illərdə Orta Asiya respublikaları ilə Azərbaycan arasında münasibətlər xeyli istiləşib. Azərbaycanın Tacikistan və Qazaxıstan ilə münasibətlərində bir o qədər də soyuqluq olmayıb. Özbəkistanla müəyyən problemlər var idi, hazırda onlar yoluna qoyulur. Ən çox problem Türkmənistanla idi. Bu da Xəzərin bölgüsü ilə bağlı idi. Türkmənistan prezidenti Saparmurad Niyazovun vəfatından sonra Azərbaycanla Türkmənistanın da münasibətlərində mülayimlik hiss olunur. Hətta bir ara kəsilmiş diplomatik əlaqələr bərpa olunur.


Bəs Rusiyanın məsələyə münasibəti necə ola bilər? Təbii ki, Rusiya özünə alternativ olan kommunikasiya xətlərinin inkişafına razı deyil. Bu ölkə Orta Asiya neftini və qazını ixrac etməklə böyük vəsaitlər qazanır. Təkcə QAZPROM ancaq Orta Asiya qazını ixrac etməklə məşğuldur. İndi Rusiya ilə digər Qafqaz respublikası-Gürcüstan arasında yeni ziddiyyətlər yaşanır.


Gürcüstan da mühüm enerji həlqəsidir. Gürcüstanın olmayacağı təqdirdə Azərbaycanın Avropaya çıxışı xeyli məhdudlaşar. Rusiya bunu gözəl dərk edir. Həm də 2008-ci ildə Gürcüstandan Rusiya qoşunları tamamilə çıxarılacaq. Rusiya ehtiyat edir ki, bundan sonra Gürcüstan sürətli addımlarla NATO-ya doğru gedəcək. Əgər Gürcüstan NATO-ya üzv olsa Azərbaycan da bu yolla gedəcək. Azərbaycanın da Milli Təhlükəsizlik konsepsiyasında Avro-Atlantik məkanına inteqrasiya əsas hədəflərdən biri kimi qeyd edilib.


Zaman tədricən ortaya yeni siyasi fəlsəfə qoyur: bu da ondan ibarətdir ki, əməkdaşlığın alternativi yoxdur. Orta Asiyadakı hakimiyyətlər də bunu dərk edirlər. 21-ci əsr öz fəlsəfəsini diktə edir. Qapalılıq, özünütəcrid siyasəti effekt vermir. Dünya açıqlığı sevir və açıqlığı təqdir edir. Bir də ki həyat daim alternativlər axtarmağa sövq edir. Bu alternativlərdən biri də Azərbaycanla əməkdaşlıq, Qafqaz vasitəsilə Avropa ilə əməkdaşlıqdır.


XS
SM
MD
LG