Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin boş qalan plan yerlərinə internet vasitəsilə qəbul elan edib.
TQDK-dan verilən məlumatda bildirilir ki, qəbul test üsulu ilə keçirilmiş imtahanlarda toplanmış ballar əsasında aparılır. Ərizələrin qəbulu İnternet vasitəsi ilə 10-20 avqust tarixində aparılır. Bu müddət ərzində abituriyent TQDK-nın İnternet saytına (tqdk.gov.az) daxil olub «Abituriyentin elektron ərizəsi» formasını doldurub təsdiq etməlidir. Abituriyentlər elektron ərizə formasında ali məktəblərin boş qalan ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Abituriyent dövlət və qeyri-dövlət ali məktəblərinin və orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 12-yə qədər ixtisas kodunu seçə bilər.
Verilən məlumata görə, respublikanın bütün bölgələrinin poçt şöbələrində internetə giriş və pulsuz istifadə imkanı da yaradılıb.