Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 02:55

«Gürcüstanı bombalayırlar, lakin buna cavab verilmir»


Saakaşvili deyir təcavüz aktı Gürcüstandakı vəziyyətin pozulmasına yönəlib
Saakaşvili deyir təcavüz aktı Gürcüstandakı vəziyyətin pozulmasına yönəlib

«Gürcüstanı bombalayırlar, lakin buna cavab verilmir. Nə vaxta kimi belə hərəkətlərə dözmək olar?» Bunu prezident Mixail Saakaşvili Gürcüstanda akreditə olunmuş diplomatlar qarşısında Citelubani kəndində bəyan edib. Prezident diplomatlarla Rusiya təyyarələrinin raket zərbəsi endirdikləri yerdə görüşüb.


Saakaşvili Avropanı Rusiya ilə bağlı vahid siyasət hazırlamağa çağırıb. «Rusiyanın gələcəyi ilə bağlı da düşünmək lazımdır. Çünki bu cür insidentlər sivil dünyada baş verməməlidir» - deyən prezident qeyd edib ki, Gürcüstanın bəxti gətirib ki, ölən və yaralanan olmayıb. Lakin eyni zamanda o bildirib ki, həmişə belə bəxt gətirməyəcək.


Saakaşvili qeyd edib ki, təcavüz aktı Gürcüstandakı vəziyyətin pozulmasına yönəlib, məqsəd müxtəlif siyasi qüvvələr arasında qarşıdurmanın yaranması olub.


Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, iki Rusiya döyüş təyyarəsi avqustun 7-də Gürcüstanın hava sərhədlərini pozub, respublika ərazisinə 700 kiloqramlıq bomba atıb.


Rusiyanın Müdafiə Nazirliyi isə bunu təkzib edir.


XS
SM
MD
LG