Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:22

«Hakimiyyət səyyar qəzet yayımını sıradan çıxarmaq istəyir»


«Belə olsa, qəzetlərin beli qırıldı»
«Belə olsa, qəzetlərin beli qırıldı»

Bu barədə «Yeni Müsavat» qəzeti ilə söhbətində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib. O deyib ki, son dövrlər «Gündəlik Azərbaycan» qəzetinin baş redaktorunun, habelə «Bizim yol» qəzetinin əməkdaşının həbsindən bəhanə kimi istifadə edən hakimiyyət qəzetlərin yayımına nəzarəti tam bərpa etmək istəyir.


Bu məqsədlə Milli Təhlükəsizlik Nazirliyi (MTN) yayım şirkəti rəhbərlərini çağıraraq, onları sorğu-suala tutur, onlara qarşı təzyiq yolu ilə qəzetlərin satışını «tənzimləmək» istəyirlər:


«Artıq MTN bu əməliyyata başlayıb. Mənim bildiyimə görə «Qasid», «Qaya» yayım şirkətlərinin rəhbərliyinə daxil olan şəxslər nazirliyə dəvət edilib. Bu proses səyyar yayım firmalarını da əhatə edib. Sentyabra qədər əl yayımı şəbəkə olaraq sıradan çıxarıla bilər. Bu isə müstəqil mətbuata çox böyük zərbə vuracaq».


Qənimət Zahid onu da bildirir ki, konkret hansı dövlət məmurunun rəhbərlik edəcəyi bilinməsə də, yaxın aylarda alternativ yayım şirkəti təsis olunacağı barədə söhbətlər dolaşır:


«Yayılan məlumatlara görə, bu, qeyri-rəsmi hökumətə bağlı olan, hansısa hökumət adamının tam nəzarəti altındakı kommersiya qurumu olacaq. Belə olsa, qəzetlərin beli qırıldı».




Bir müddət əvvəl ABŞ-da səfərdə olan azərbaycanlı redaktorların Rəsul Quliyevlə görüşü ilə bağlı müxtəlif məlumatlar yayılır. Hətta, belə fikirlər də səsləndirilir ki, söhbət zamanı R. Quliyev müxalifətdən getdiyini bildirib.


Məsələyə aydınlıq gətirmək üçün «Azadlıq» qəzeti görüş iştirakçılarından birinə - «Yeni Zaman» qəzetinin baş redaktoru Şakir Habiloğluna müraciət edib. Baş redaktor bunları deyib:


«Biz razılaşmışdıq ki, birimiz görüşlə bağlı məlumatı hazırlayıb, bütün qəzetlərə ötürəcəyik. Amma Rəsul bəy dedi ki, müsahibə verməyəcək, üstəlik, fikirlərinin heç biri mətbuat üçün deyil. Hətta, mən Amerika səfərim barədə məqaləmdə də, o görüş barədə heç nə yazmadım. Təxminən saat yarımlıq təmasımız oldu. Rəsul Quliyevə suallar verdik. Onun hazırkı iqtidar ətrafında birləşməklə, müxalifətdən getməklə bağlı fikirləri olmadı. Ən azı, mən belə bir şey eşitməmişəm. Sadəcə, olaraq dedi ki, Azərbaycanda müxalifət birləşməsə, bu hakimiyyət 2008-də də qalacaq və uzunömürlü olacaq. Onu da dedi ki, müxalifət çox zəifdir. Anlaşılmaz mövqeyi oldu. Gah özünü müxalifətin səhvlərindən kənarda qoydu, gah da problemlərin həllində özünü müxalifət saydı. Dedi yeni, güclü müxalif qüvvə çıxsa, mən ona köməkçi işləməyə hazıram».




Paytaxt Bakıdakı ictimai nəqliyyat vasitələri arasında ən ucuzu metrodur. Elə bu səbəbdən də Bakı Metropoliteni ilin bütün fəsillərində sərnişin sarıdan korluq çəkmir. Amma hətta yollarda yaranan tıxaclardan bezib, metroya üz tutanlar da mənzil başına rahat çatmaq üçün avtobuslardan istifadə etmək məcburiyyətində qalıblar.


Səbəb isə yaranan hava şəraiti ilə əlaqədar metroda vəziyyətin dözülməz həddə çatmasıdır. Sərnişinlər xüsusilə, vaqonlarda havasızlıqdan şikayət edirlər.


«Mərkəz» qəzetinin əməkdaşı da metronun «28 May» stansiyasında müşahidələr aparıb, sərnişinlərin ventilyasiya sisteminin işləməməsindən gileyləndiklərinin şahidi olub.


Ən pis vəziyyət pik saatlarında müşahidə olunur. Səhər saat 8:00-dan 10-dək, axşam isə 18:00 radələrində vaqondakı sərnişinlərin çoxu metrodan istifadə etmək üçün çantalarında yelpik gəzdirirlər.


Metropoliten səlahiyyətlisi Arif Qibləliyev isə bildirir ki, problem köhnə vaqonlardadır. Yeni alınan vaqonlarda ventilyasiya quraşdırılsa da, köhnələrdə bu sistem yoxdur.


Xidmət rəisi bu problemin yaxın vaxtlarda öz həllini tapacağını bildirir. Deyir ki, bu ildən etibarən Rusiya və Almaniyadan iki-üç yeni modernləşdirilmiş ventilyator alınacaq:


«Artıq Rusiyadan bir yeni ventilyator alınıb. Yeni avadanlıq metronun «28 May» stansiyasında quraşdırılacaq».


Bakı Metropoliteni modernləşdirilmiş ventilyasiyaların tətbiqinə yeni başlasa da, dünyanın bir sıra ölkələrində artıq metroda kondisionerləşdirmə sistemindən istifadə olunur. Amma sərnişinlərin kondisionerləşdirmə sistemini paytaxt metropolitenində görmək arzusu deyəsən, hələ yaxın 10 ildə həyata keçməyəcək.


A. Qibləliyev deyir ki, gediş haqqı 5 qəpik olduğu üçün metronun ventilyasiya sistemini yeniləşdirmək mümkün deyil. O ki qaldı metro stansiyaları kondisionerləşdirilə: «Kondisionerləşdirmə sisteminin qurulması üçün mütləq gediş haqqı artırılmalıdır».


XS
SM
MD
LG