Avqustun 3-də Amerika Birləşmiş Ştatları Dövlət katibi köməkçisinin müavini Mətyu Brayzə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdən sonra cənab Brayzə jurnalistlərə deyib ki, onlar əsasən, enerji məsələlərini müzakirə ediblər.
Mətyu Brayzə həmçinin bildirib ki, bu yaxınlarda İtaliya-Türkiyə və Yunanıstan arasında «Nabukko» qaz kəmərinə dair imzalanan müqaviləni müsbət dəyərləndirirlər. Onun sözlərinə görə, Azərbaycanla ABŞ-ın enerji məsələlərində mövqeləri üst-üstə düşür:
«Azərbaycan, Türkmənistan və özəl şirkətlər arasında çox yaxşı danışıqlar gedir. Onlar özləri müəyyən edirlər ki, Türkmənistan qazının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya ötürülməsi daha sərfəli variantdır».
Cənab Brayzə həmçinin deyib ki, Elmar Məmmədyarovla görüşdə Qarabağ danışıqlarına da toxunublar. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı indilikdə hər hansı bir yeniliyin olmadığını deyən cənab Brayzə qeyd edib ki, Qarabağ danışıqlarına dair ortalıqda yeni istiqamətlər var. Ancaq o, bu yeni istiqamətlərin nədən ibarət olduğu haqda heç nə deməyib.