Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

«Azərbaycanda KİV-ə qarşı yönələn sərt tədbirlər xüsusi narahatlıq doğurur»


Hastinqs deyib ki, ANS lisenziyasını itirmək istəmirsə, ehtiyatla hərəkət etməlidir
Hastinqs deyib ki, ANS lisenziyasını itirmək istəmirsə, ehtiyatla hərəkət etməlidir

Azərbaycanda kütləvi informasiya vasitələrinə qarşı görülən sərt tədbirlər xüsusilə narahatlıq doğurur. Ölkədə elektron mediaya getdikcə daha çox nəzarət olunur. Bunu amerikalı konqresmen Alsi Hastinqs deyib.


Avqustun 2-də Birləşmiş Ştatların Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyasının (Helsinki Komissiyası) sədri konqresmen Alsi Hastinqs «ATƏT regionunda mətbuat azadlığı» mövzusunda dinləmələr keçirib. Dinləmələrdə ATƏT regionunda, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstanda mətbuatın vəziyyəti müzakirə olunub.


Hastinqs deyib ki, müstəqil ANS telekanalı lisenziyasını itirmək istəmirsə, ehtiyatla hərəkət etməlidir. «Hazırda Azərbaycanda yeddi jurnalist həbsdədir, media mənsublarına bir sıra fiziki hücumlar olub, jurnalistlər cərimələnib. Ölkədə medianındakı dözülməz vəziyyətə görə 20-ə yaxın jurnalist xaricdən sığınacaq istəyib. Prezident İlham Əliyevin aparatının rəhbəri bildirib ki, Bakı böhtan və təhqirə görə məsuliyyəti Cinayət Məcəlləsindən çıxarmayacaq».


Dinləmələrdə vurğulanıb ki, bir sıra ATƏT ölkələrində jurnalistlər hələ də peşə fəaliyyətlərini yerinə yetirərkən hədə ilə üzləşirlər. Onları oğurlayırlar, döyürlər, hədələyirlər, hətta öldürürlər. Dinləmələrə nümayəndələr palatasından Mayk Makİntayr, Jozef Pits, Kristofer Smit və Hilda Solis də qatılıblar.


Tədbirdə Rusiyada fiziki təzyiqə məruz qalmış jurnalist Fatimə Tlisova, Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya Proqramı üzrə koordinatoru Nina Oqnianova və «Freedom House» təşkilatından Paula Şrefer iştirak ediblər.


Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.


Azərbaycanda söz və mətbuat azadlığı dövlətin bilavasitə nəzarətindədir və bu sahə ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov Helsinki Komissiyasının Azərbaycan mətbuatının vəziyyətinə dair avqustun 2-dəki müzakirələrə münasibət bildirərkən belə deyib: «Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının təminatçısıdır. Bu sahə ilə məşğul olan institutlar, mətbuat orqanları azad şəkildə fəaliyyət göstərirlər. Ona görə də narahatlığa əsas yoxdur».


XS
SM
MD
LG