Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 15:12

«Kreml miqrantlara «qucaq açır»


Rusiya miqrantlar haqqında qanunvericiliyə sensasiyalı güzəştlər etməyi nəzərdə tutur
Rusiya miqrantlar haqqında qanunvericiliyə sensasiyalı güzəştlər etməyi nəzərdə tutur

«Ekspress» yazır ki, «Kreml miqrantlara «qucaq açır». Rusiyadakı azərbaycanlılara vətəndaşlıq veriləcək, onlar seçkilərdə iştirak edə biləcəklər».


Qəzetin baş məqaləsində yazılır ki, Federasiya Şurasında «Milliləşdirmə və vətəndaşlıq haqqında» qanun layihəsinin konsepsiyası hazırlanıb. «Sənəd miqrantlar üçün vergi güzəştlərindən tutmuş, onların hətta Rusiyada keçirilən seçkilərdə iştirakına icazə verilməsini nəzərdə tutur. Layihə müəlliflərinin fikrincə, artıq bu payızda Dövlət Dumasına təqdim ediləcək qanun layihəsi ölkədə getdikcə azalan əmək ehtiyatlarıyla bağlı problemləri həll etməkdə yardım edəcək, Rusiyanın xaricdəki təsir imkanlarını artıracaq».


«Ekspress» yazır ki, deputat Vladimir Slutskerin təqdim etdiyi qanun layihəsini Federasiya Şurasının milli siyasət və dini birliklərlə qarşılıqlı əlaqə komissiyası təsdiqləyib.


V.Slutskerin dediyinə görə, sənəd miqrasiya sahəsindəki qanunverici aktları birləşdirməyi və onları miqrantlar, o cümlədən azərbaycanlılar üçün sensasiyalı güzəştlərlə birləşdirməyi nəzərdə tutur.


Azadlıq Partiyasının sədri Əhməd Orucun qənaətincə, Azərbaycanın siyasi partiyaları mütləq dövlət tərəfindən maliyyələşdirilməlidir. Onun sözlərinə görə, belə olmadıqda partiyalar mafioz qüvvələrin və xarici donorların təsiri altına düşür. Partiya sədri «525»ə belə deyib: «Əgər dövlət öz partiyalarını maliyyələşdirmirsə, bu qurumlar maliyyə əldə etmək üçün ya xarici təşkilatların, mafioz qüvvələrin, ya da hakimiyyətdəki bəzi qüvvələrin əlaltısına çevrilir. Bu əyriliklərə qoşulmaq istəməyən partiyalar isə fəaliyyət üçün normal imkan əldə edə bilmir. Yəni Azərbaycanda milli burjuaziya olmadığından və müxalifət partiyalarına ianə vermək iş adamları üçün çox böyük bir təhlükə törətdiyinə görə, müstəqil partiyaların maliyyələşməsi problemə çevrilir… Ona görə də hesab edirəm ki, partiyalar leqal yolla dövlət büdcəsindən maliyyələşdirilməlidir».


«Azadlıq» qəzeti iddia edir ki, Xəqani-33 ünvanında yerləşən köhnə ofislərinin təmiri üçün dövlət büdcəsindən ayrılan 500 min manat vəsait «göyə sovrulub». Qəzetə bu barədə Maliyyə Nazirliyindəki mənbəsi məlumat verib. Binada faktiki bərpa işləri getməsinə baxmayaraq, ora köçməyə hazırlaşan Hesablama Palatası hökumətə müraciət edərək 2008-ci ilin dövlət büdcəsi layihəsində onlar üçün əlavə pul ayrılmasını istəyib. «Hökumət çevrələrində bu təklifə hələlik birmənalı münasibət yoxdur. Çünki binaya bu ilin dövlət büdcəsindən ayrılan 500 min manatın göyə sovrulması hökumətdə çaşqınlıq yaradıb».


«Ölkəmizin təzadları getdikcə yekəlir. Yekəlir yox e, lap yekəlir. Misal üçün, birini həbsə alanda kameralar sağdan-soldan işləyir, məhkəmə başlayanda isə çəkilişə icazə verilmir»- «Azadlığ»ın köşə yazarı Qurban Yaquboğlu son dövrlər Azərbaycan mətbuatının durumundan bəhs edən məqaləsində belə yazır.


«Rüşvətxorlar üçün lisenziya»- Samir Sarının «Yeni Müsavat»ın 3 avqust tarixli sayındakı köşəsi belə adlanır. Müəllif yazır: «Bütün ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də rüşvət almaq və vermək cinayət hesab olunur. Buna görə adamı tuturlar. Daha dəqiqi, tuta bilərlər. Lap dəqiqi, tutmalıdırlar. Amma tutmurlar. Əgər bu ölkədə rüşvət alanların, hamısını demirəm, yarısını tutsalar, idarə və müəssisələr yarıbayarı boş qalar. Türmələr dolub-daşar, hətta yeni tikilmiş olimpiya komplekslərini təcili şəkildə türməyə çevirsələr, yenə rüşvətxor məhbuslara yer çatmaz». Yazı qəzetin 12-ci səhifəsində yer alıb.


XS
SM
MD
LG