Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:47

Separatçılarla təmaslar: Davam, yoxsa tamam?


Qarabağda tanınmamış seçkilər başa çatdı, Azərbaycan və Ermənistanda isə seçkilər hələ qabaqdadır
Qarabağda tanınmamış seçkilər başa çatdı, Azərbaycan və Ermənistanda isə seçkilər hələ qabaqdadır
Azərbaycan ziyalılarının Dağlıq Qarabağa səfərindən bir ay keçdi. Münaqişənin başladığı son 20 ildə bu, separatçılarla yüksək səviyyəli ilk təmas idi. Separatçıların keçmiş lideri Arkadi Qukasyan Xankəndidə Azərbaycan ziyalılarıyla sülhün əldə olunması və birgə yaşama yolları ətrafında fikir mübadiləsi aparmışdı. Azərbaycan və Ermənistan ziyalıları ayrıca, Bakı və Yerevanda bu ölkələrin prezidentləri tərəfindən qəbul olunmuşdular.

Həmin günlər bu qarşılıqlı səfərlər əsl sensasiyaya səbəb oldu. Çünki bunadək rəsmi Bakı bu tipli təmasların əleyhinə idi. Prezident İlham Əliyev çıxışlarında hətta Ermənistanla qeyri-rəsmi səviyyəli təmasların yanlış olduğunu söyləyirdi. Qeyri-hökumət təşkilatları və jurnalistlərin nəinki Xankəndi, Yerevana səfərləri də müsbət qarşılanmırdı.


Ziyalıların Xankəndinə səfəriylə Azərbaycan iqtidarının illərdən bəri yürütdüyü siyasətin dəyişdiyi görüntüsü yarandı. Rəsmi Bakı bu addımıyla sanki separatçılarla təmasların mümkünlüyünə işarə edirdi. Azərbaycan hakimiyyətinin siyasətindəki dəyişiklik beynəlxalq aləm tərəfindən də dəstək qazandı.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xankəndi və Yerevandan qayıtdıqdan sonra Dağlıq Qarabağla təmasların davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsi mümkünlüyündən danışmağa başladı. Bülbüloğlu Şuşada dağıdılan məscidin ermənilərlə azərbaycanlılar tərəfindən birgə bərpası mümkünlüyünü də dilə gətirdi.


Ancaq zaman keçdikcə Dağlıq Qarabağla birbaşa təmasların və Şuşadakı məscidin birgə bərpası kimi uzaqgedən layihənin Polad Bülbüloğlunun düşündüyü qədər də sadə məsələ olmadığı aydınlaşdı.


Bakının siyasi kuluarlarında «separatçılarla qeyri-rəsmi təmaslara davam, yoxsa tamam» sualına konkret cavab tapılmayıb. İqtidar ziyalıların səfərindən sonrakı addımın nə olacağı barədə qəti fikrə gəlməyib. Xarici İşlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağa səfərlərin və separatçılarla qeyri-rəsmi dialoqun tərəfdarı kimi çıxış edirsə, onun müavini və prezidentin Dağlıq Qarabağ danışıqları üzrə şəxsi nümayəndəsi Araz Əzimov fərqli düşündüyünü gizlətmir.


Əgər nazirlə müavini arasında fikir ayrılığı varsa, bu o deməkdir ki, iqtidarın digər qollarında da eyni məsələyə baxışda ikitirəlik hökm sürür. Görünür, buna görə də dövlət başçısı İlham Əliyev bir qədər gözləmə mövqeyində dayanıb. Separatçılarla yaxın aylarda təmasların mümkünsüzlüyünə bir başqa amil də təsir edir. Son günlər işğal altındakı ərazilərdə kəndlərin yandırılmasıyla bağlı xəbərlər artıb. Digər tərəfdən, gələn il Azərbaycanda prezident seçkisidir. Bu ərəfədə iqtidarın separatçılarla təmasların genişləndirilməsi kimi ictimaiyyətdə birmənalı qarşılanmayan siyasətə yaşıl işıq yandırması problematik görünür.


Ermənistandakı prezident seçkisinə isə cəmi bir necə ay qalıb. Ermənistandakı siyasi dairələrin də Azərbaycanla təmaslar məsələsində yekdil fikrə gəlmədiyi müşahidə olunur. Yerevan bir tərəfdən sentyabrda Bakıda keçiriləcək dünya üzrə güləş çempionatına böyük nümayəndə heyəti ilə qatılacağını açıqlayır, digər tərəfdən MDB ölkələri Fövqəladə Hallar nazirliklərinin bu həftə Azərbaycan paytaxtındakı toplantısına qatılmamaq qərarını verir. Halbuki, əvvəlki illərdən fərqli olaraq rəsmi Bakı Ermənistanın bu toplantıya qatılmasına şərait yaratmışdı.


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, ATƏT-in Minsk Qrupundakı həmsədri Mətyu Brayzə avqustun 2-də Bakıya gəlir. O, son açıqlamasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş gözləmədiyini deyib. Amerikalı diplomat bunu Ermənistan və Azərbaycanda yaxınlaşmaqda olan prezident seçkiləriylə əlaqələndirib.


Beləliklə, Brayzənin məntiqindən də çıxış etsək, hazırki şəraitdə Dağlıq Qarabağ separatçılarıyla təmasların ümumi ab-havanı dəyişmək gücündə olmadığı üzə çıxır.


XS
SM
MD
LG