Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:45

«Müxalif düşərgə 2005-ci il xofundan qurtula bilməyib»


«Müxalif cinahın indiki vəziyyəti kompassız qalmış gəmini xatırladır»
«Müxalif cinahın indiki vəziyyəti kompassız qalmış gəmini xatırladır»

«Yeni Müsavat» qəzeti yazır ki, ekspertlər ölkəyə gətirilən taxıla görə əlavə dəyər vergisinin (ƏDV) ləğvi barədə hökumətin qərarını bəyəniblər. Amma hökumətin bundan da əlavə tədbirlər görməsinə ehtiyac yarandığını bildirənlər var.


Məsələn, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayevin fikrincə, idxaldan ƏDV-nin götürülməsi ilk növbədə o deməkdir ki, hökumət ölkədə taxıl qıtlığının olduğunu təsdiqlədi:


«Sübut olundu ki, Azərbaycanda doğrudan da, ciddi şəkildə idxaldan asılılıq var. İdxal ölkələrində də bu məhsulun kifayət qədər bahalaşdığı bir məqamda kəskin qiymət artımının qarşısını almaq, yaxud da indiki bahalığı bir qədər ucuzlaşdırmaq üçün bu addım xeyli mühüm idi... Hər halda, hökumət 20 qəpiyin 5 qəpiyini azalda bilirsə, bu, böyük addımdır. Lakin dünya bazarında taxılın qiyməti neftin qiyməti kimi artmaqda davam edəcəksə, o halda 18 faizlik ƏDV-nin ləğvi bahalaşmanın qarşısını ala bilməyəcək. Onda hökumət başqa məsələlər haqında düşünməlidir...


Heç olmasa, yaxın 2-3 ildə Azərbaycan daxili tələbatın 80-85 faizinin istehsalına nail olmalıdır... Bu istiqamətdə addım atılacaqsa, yaxın 2-3 ildə dünya bazarındakı vəziyyət Azərbaycana ciddi təsir etməyə bilər» - deyə Rövşən Ağayev fikrini tamamlayır.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə «525-ci qəzet»ə müsahibəsində vəziyyəti başqa aspektdən qiymətləndirir. O, deyir ki, çörək istehsalı ilə özəl şirkətlər məşğul olduğundan, hökumətin bu istiqamətdə atdığı addımlar yanlışdır. Bu sahəni hökumətin qərarı ilə tənzimləmək mümkünsüzdür:


«ƏDV-nin ləğv olunması müəyyən mənada qiymət artımına təsir göstərə bilər. Amma bunun üçün də müəyyən vaxt lazımdır. Çünki indiyə qədər sahibkarlar idxal etdiyi məhsulları əvvəlki tariflərlə ölkəyə gətirib. Bu səbəbdən də qiymətlərin ucuzlaşması real görünmür».


Qubad İbadoğlu bildirir ki, ölkədə taxıl istehsalının azalmasının bir səbəbi də bu sahəyə fermerlərin marağının az olması ilə bağlıdır. Hazırda dünyada taxıl ehtiyatı 112 milyon tona qədər azalıb:


«Bu da istər-istəməz ayrı-ayrı ölkələrə müxtəlif cür təsir göstərib. Ukraynanın taxıl ixracına qoyduğu kvota, Qazaxıstanda nəqliyyat tariflərinin artması və bunun nəticəsində yükdaşıma da qiymət artımı ümumi vəziyyətə təsir edib. Bütün bunlarla yanaşı, Azərbaycanda da əvvəlki illərlə müqayisədə taxıl istehsalı xeyli dərəcədə aşağı düşüb. Belə ki, cari ildə dənli bitkilərin istehsalı cəmi 2 milyon ton təşkil edəcək. Halbuki əvvəlki illərdə bu rəqəm bir qədər çox olub».


«Ayna» qəzetinin 28 iyul sayında dərc edilmiş məqalədə isə deyilir ki, «müxalif cinahın indiki vəziyyəti oriyentirləri itirmiş və kompassız qalmış gəmini xatırladır».


Məqalə müəllifi Zaur İbrahimli yazır: «Hələlik yeni birliyin konturları, yaxud hansı müxalif liderin vahid namizədliyə namizəd ola biləcəyi barədə fikir söyləmək çox çətindir. Amma bir məsələ aydındır ki, … [2008-ci il prezident seçkisində] hakimiyyətə az-çox müqavimət göstərməyin qeyri-mümkün olacağını hamı anlamağa başlayıb. «Müqavimət» sözünü təsadüfən işlətmirik, hakimiyyətin opponentləri, ümumiyyətlə, qələbədən söz açmağa cəsarət etmirlər. 2005-ci il parlament seçkiləri ərəfəsindəki eyforiyanı ümumi süstlük ab-havası əvəzləyib. Heç vahid namizəd olmaq uğrunda da əvvəlki illərdə olduğu kimi, güclü rəqabət nəzərə çarpmır.


Görünən budur ki, hələlik 2005-ci ilin xofu müxalifətin canından çıxmayıb [həmin il keçirilən parlament seçkilərində müxalifətin əzildiyinə işarə ilə - red.]» - müəllif qeyd edir.


XS
SM
MD
LG