İyulun 26-da Bakıda keçirilən Azərbaycan-Rusiya təhlükəsizlik dialoqunda başlıca müzakirə mövzusu prezident Vladimir Putinin Qəbələ RLS-lə bağlı təklifi olub. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Kislyak deyib.
«Bizim indi Azərbaycana gələrək buradakı dostlarımızla məsləhətləşmə aparmağımız çox vacibidir. Bizim söhbət çox faydalıdır».
İyulun 30-31-də isə ABŞ-Rusiya məsləhətləşmələri olacaq.
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov isə bildirir ki, «Qəbələ» RLS-dən yeni formatda istifadənin perspektivləri məsləhətləşmələrin nəticəsindən asılıdır. İdeyalar nəzərdən keçirilməlidir və bundan sonra nəsə demək olar.
Nazir müavini yaxın zamanlarda Azərbaycanın iştirakı ilə belə məsləhətləşmələrin davam edəcəyini deyib. Onun sözlərinə görə, stansiya onun ərazisində yerləşdiyindən Azərbaycan bunda maraqlı tərəfdir. Bu baxımdan regional təhlükəsizlik məsələlərinə birgə baxılmalıdır.
İyun ayında «Böyük səkkizliy»in görüşü çərçivəsində Rusiya prezidenti ABŞ-a Qəbələ RLS-i birgə istifadə etmək təklif edib.
2002-ci ildə Azərbaycan Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi barədə onillik müqavilə imzalayıb.