Amerikanın Dyuk universitetinin əməkdaşları laboratoriya canlıları üzərində xərçənglə mübarizənin yeni üsulunu sınaqdan keçiriblər. Bədxassəli şişlər zamanı sağlam hüceyrələr xərçəng hüceyrələrinə çevrilir və onlar nəzarətsiz olaraq artırlar. Bu onkogen adlanan nəsli məlumat ötürən hissələrin mutasiyaya uğraması nəticəsində baş verir. Onkogenlərin çoxu artıq aşkar edilib. Onların arasında ön yerlərdən biri Ras adlı gen tutur. Onun mutant formaları bədxassəli şişlərin 30%-ndə aşkarlanır. Alimlər artıq çoxdandır Ras-ın dərmanların köməyilə neytrallaşdırılması yolu ilə onunla mübarizə aparmağa çalışırlar. Amma bu cəhdlər hələlik uğur gətirmir.
Xərçəngin biologiyası və farmakologiya professoru Kristofer Kaunter və onun həmkarları isə digər strategiya seçiblər. Onlar zədələnmiş Ras geninin çoxlu miqdarda interleykin-6 zülalı istehsal etdiyini aşkar ediblər. Bu zülal immun sisteminin bir hüceyrəsindən digərinə kimyəvi məlumat ötürən proteinlərdən biridir. Adi halda interleykin-6 zəruridir, amma onun miqdarı çox olanda bu bədxassəli şişi qan və qidalı maddələrlə təchiz edən kapilyarların artmasına gətirir.
Ras onkogenindən fərqli olaraq interleykin-6-ya xüsusi anticisimlərin köməyilə təsir etmək olar. Kaunter və həmkarları aşkar ediblər ki, belə təsir kapilyarların artmasına mane olur. Məlumatı «Xəbərlər-Azərbaycan» yayıb.