Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı hazırlanan saziş layihəsi iyulun 23-də Bakıda keçirilən İşçi qrupların iclasında imzalanıb. Bu barədə «Trend»ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib. Onun sözlərinə görə, saziş layihəsi 11 maddədən ibarətdir. Həmin saziş layihəsi əsasında hazırda ekspertlər tərəfindən texniki müqavilə işlənilir.
Texniki müqavilədə Azərbaycanın AzTV və Rusiyanın «RTR Planeta» telekanallarının hansı qaydada yayımlanması şərtləri əksini tapacaq. Cəbiyev ümumi razılığın əldə olunduğunu deyib və texniki detallar dəqiqləşdirilir.
«İşçi qrupların rəhbərləri razılıq əldə ediblər ki, texniki müqavilə hazırlanandan sonra yaxın günlərdə Azərbaycan nümayəndə heyəti Moskvaya gedəcək. Texniki müqavilənin imzalanması müzakirə olunacaq».
MTRŞ-nın yanvarda çıxarılan qərarına əsasən, iyulun 10-dan etibarən STV və ORT, RTR-in Azərbaycanda yerli tezliklərdə yayımı dayandırılmalı idi.
ORT-nin yayımı dayandırılsa da, İşçi qrupların görüşü davam etdiyindən, «RTR Planeta»nın yayımının daha bir ay davam etdirilməsi məqsədəuyğun hesab edilib.
İyulun 23-də Bakıda keçirilən görüş İşçi qrupların sayca ikinci iclasıdır. Bundan öncə iyunun əvvəllərində iclas Moskvada keçirilib.