Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Gecəqondular məhəlləsi…


İyulun 20-də Sabunçu Rayon Məhkəməsi artıq üç nəfərin evinin sökülməsi haqda qərar çıxarıb
İyulun 20-də Sabunçu Rayon Məhkəməsi artıq üç nəfərin evinin sökülməsi haqda qərar çıxarıb
Bura rəsmi sənədlərdə «Balxanıneftqazçıxartma» İdarəsinin ərazisi kimi göstərilir: hər addımda buruqlardır, taksi sürücüləri ona gecəqondu məhəlləsi deyirlər.

Onlarla ailə üçünsə bura sadəcə, onların yaşadığı evdir. Bu haqda qaz, işıq idarəsindəki qeydlərdən başqa heç bir sənəddə qeydiyyat aparılmasa belə…


Bu evlərin sökülmə xəbəri, ardınca isə «Balaxanıneft»in məhkəmə iddiası həmin ərazidə yaşayanların yuxusuna haram qatıb.


«Yasamaldan evimizi sökdülər, pulumuzu vermədilər, məcbur olduq burdan ev tikmişik, birtəhər, «dəymə mənə dəyməyim sənə» deyə-deyə… Bir-iki aydı nə gözümüzə yuxu gedir, nə yediyimizi bilirik. Qoyma gəldilər, sökürlər… A balam, belə iş olmaz axı».


Beş nəvəsi, oğul-uşağı ilə birgə gecə-gündüz səksəkə içində yaşayan Zemfira ana belə deyir. Bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsindən onun evinə də çağırış gəlib. O, deyir ki, heç kim burda yaxşı gündən ev tikməyib. Qanuni ev tikməyin çətinliyini görənlər buruqların arasına pənah gətiriblər. On il qabaq Yasamaldakı evini iş adamları əlindən alanda buruqların arasında bir daxma qaraldıb. Əgər bu balaca daxma da əlindən getsə, çətin ki, bir də ev tikə…


«60 yaşım var, bundan sonra gedib harda ev tikəcəm? Olanım-olmazım burdadır. Bundan sonra mən nə tikə bilərəm, 15 «şirvan» təqaüdlə mən neyləyə bilərəm?»


Əli yerdən-göydən üzülən Zemfira ana hökumətin onlara təzminat ödəməsini, heç olmasa başqa yerə köçürülməsini gözləyir. Deyir ki, burda az qala bir şəhərin adamı yaşayır, onları balaca uşaqlarla birgə necə küçəyə atmaq olar?


Balaxanı Neft və Qazçıxarma İdarəsinin rəis müavini Nəzərəli Hüseynov deyir ki, torpaq qanunsuz zəbt edilib, buna görə də təzminatdan və ya onların başqa yerə köçürülməsindən söhbət gedə bilməz: «Bu, respublika əhəmiyyətli hadisədir. İdarə onlara yer verən deyil. Bizim onlara yer verməyə səlahiyyətimiz çatmır. Ora neftli-qazlı sahədir».


Zemfira ana isə başqa sual verir ki, niyə idarə vaxtında qanunpərəst deyildi, niyə vaxtında qanunun pozulmasına göz yumurdu: «Sabunçunun dairəsindən Zabratacan evlərdir. Vaxtında almayaydılar pulu, daşı daşın üstünə qoymayaydılar. Bir belə uşaq var, ağbirçək, ağsaqqal var, xəstəsi, cavanı var. Bir belə adam çöldə qalar? Söksələr camaat üsyana qalxar. Çörək bahalandı, dedik təki sakitlik olsun, amma çörəyi küçədə dizimin üstündə yeyə bilmərik axı…»


İdarə rəisinin müavini Nzərəli Hsüeynov isə deyir ki, heç kim onlara sökülməsi haqda göstəriş verməyib. Onlar sadəcə, Dövlət Neft Şirkətinin göstərişi əsasında qanunsuz tikililərin, xüsusən də strateji əhəmiyyətli yerdəki evlərin sökülməsini istəyirlər.


«Hansı evlər ki, borunun, neft kəmərinin üstündədir, yüksək gərginlikli xəttin altındadır, o evlərlə bağlı məhkəməyə müraciət etmişik».


Amma həmin məhəllədə olarkən elə həmin buruqların yaxınlığında yeni evlərin tikilməsinin, yeni bünövrələrin qoyulmasının şahidi oldum. Rəis müavini deyir ki, onlara da növbə çatacaq. Evinin sökülməsi haqda xəbərdarlıq alanlar da bu işə məəttəl qalırlar:


«Sırayla gəlirlərsə niyə başdan sökülmür. Niyə sahə müvəkkilinin evi sökülmür? Niyə yeni evlər yox, köhnə evlər, yeni rəisin vaxtında tikilməyən evlər sökülür? Deyirlər bu torpağı kiməsə satıblar. Satıblarsa bizim də haqqımızı versinlər…»


İyulun 20-də isə Sabunçu Rayon Məhkəməsi artıq «Balaxanınfetqazçıxzartma» idarəsinin iddiasını təmin etdi.


Artıq hakim üç nəfərin evinin sökülməsi haqda qərar çıxartdı.


Onlardan biri də üç uşaq anası, yoldaşını itirmiş Cəmalə Nəbiyevadır. «Bundan yuxarıdakıların xəbəri yoxdur. Bu seçkiqabağı prezidentə təxribatdır. Mən hara gedim?»


Məhkəməyə çağırış alanların sayı isə lap çoxdur. Bu qərara kimi möcüzə gözləyən sakinlər indi nə edəcəklərini bilmirlər.


«Üç oğul məndədir, iki oğul ondadır, sabah mənə çağırış gələcək ki, oğlum getsin vətəni qorusun.


Mənim də evimi sökəcəklər? Oğlum belə vətəni qorusun ki, tikdiyim ev başıma uçursun?»


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG