Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:44

«Elmar Hüseynovun qətlindən iki il keçsə də, bu cinayət açılmamış qalır»


«Sərhədsiz reportyorlar» bildirir ki, Hüseynov daim hakimiyyətin təqiblərinə və təzyiqlərinə məruz qalıb
«Sərhədsiz reportyorlar» bildirir ki, Hüseynov daim hakimiyyətin təqiblərinə və təzyiqlərinə məruz qalıb

«Sərhədsiz reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı 2005-ci ilin martın 2-də qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun ailəsinə və yaxınlarına dəstəyini bildirir və onlara bir daha başsağlığı verir. Bu haqda «Turan» məlumat yayıb.


Təşkilat bildirir ki, iyulun 17-də Elmarın 40 yaşı tamam olacaqdı. «Monitor» həftəliyinin yaradıcısı və redaktoru olan Hüseynov tapançadan atılan 7 atəşlə öz mənzilinin astanasında qətlə yetirilib. «Sərhədsiz reportyorlar»ın açıqlamasında bildirilir ki, bu cinayət ölkə əhalisini və mətbuatını şoka salmışdı. Bir çox ictimai xadimlər və jurnalistin həmkarları qətldə hökuməti ittiham etmişdi.


Təşkilatın nümayəndə heyəti istintaqın gedişi ilə tanış olmaqdan ötrü 2005-ci ilin aprelində Bakıda olub. Eyni zamanda, qurum öz təhqiqatını aparıb. «Bir qədər əvvəl prokurorluq sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin bu cinayətdə əli olmasını iddia edib. Lakin ona qarşı rəsmi ittiham irəli sürülməyib. Bu cinayət açılmamış qalır və bunun tez bir zamanda baş verəcəyinə ümidverən heç bir əlamət yoxdur», - deyə daha sonra məlumatda bildirilir.
«Sərhədsiz reportyorlar» bildirir ki, Elmar Hüseynov daim hakimiyyətin təqiblərinə və təzyiqlərinə məruz qalıb. «Monitor» jurnalı satışdan müsadirə edilib və nəşrə məhkəmə cərimələri kəsilib. Hüseynov 2001-ci ildə böhtan ittihamı ilə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
«Hazırda Azərbaycanda 7 jurnalist həbsxana həyatı yaşayır», - deyə sonda məlumatda bildirilir.


İşin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyi isə dəfələrlə bəyan edib ki, qətli törədənlər müəyyənləşdirilib. Jurnalistin qətlində təqsirləndirilən Tahir Xubanov və Teymuraz Əliyev adlı Gürcüstan vətəndaşları beynəlxalq axtarışa verilib.


XS
SM
MD
LG