«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit (Sakit Zahidov) aclıq aksiyasını dayandırıb. Bu barədə «Azadlıq» radiosuna onun qardaşı – «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xəbər verib. Onun sözlərinə görə, iyulun 14-də Mirzə Sakitin sağlıq durumunu dəqiq müayinə etmək üçün həbsxanaya həkim briqadası dəvət edilib. İyulun 16-da isə həkimlər rəylərini açıqlayaraq jurnalistin xəstəxana şəraitində müalicə almasının vacibliyini bildiriblər. Bu səbəbdən həbsxana rəhbərliyi Mirzə Sakitin iyulun 21-də Ədliyyə Nazirliyinin Böyükşor qəsəbəsində yerləşən müalicə müəssisəsinə köçürülməsi haqda göstəriş verib.
Mirzə Sakit iyulun 7-dən saxlanma şəraitinin dəyişdirilməsi və təkrar müalicə müəssisəsinə köçürülməsi tələbilə aclıq aksiyası keçirirdi.
O, 2006-cı ilin iyununda narkotik maddə saxlamaqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist hazırda Qobustan həbsxanasında saxlanır.