Əvvəllər milçəklərə görə, pulu yalnız mesenatlar təklif edirdilər. Pekində keçmiş restoran sahibi Qo Çjantsi hər öldürülən həşərata görə, 2 yuan (25 sent) ödəyirdi. İndi təşəbbüsü dövlət səviyyəsində dəstəkləyirlər. Bu işin pionerləri kimi mərkəzi Xenan əyalətinin Lyuyyanq şəhərinin məmurları çıxış ediblər.
Təmizlik uğrunda kampaniyaya iyulun 1-də start verilib və elə birinci gün şəhər əhlinə 1000 yuandan çox (140 dollar) ödənib. Əməksevər çinlilərin yığdıqları təqribən 2000 ölü milçəyə hökumət məhz bu qədər ödəyib. Şəhər rəhbərliyi hər ölü milçək üçün 0,5 yuan təklif edir. Bu haqda «The China Daily» xəbər verir.
Bu proqram hazırda hökumət dəstəyi almaq üçün razılaşdırılır. Axı ilk dəfədir ki, 1,5 milyon əhalisi olan şəhər «dövlət səviyyəsində gigiyena şəhəri» statusu almağa can atır. Yerli hakimiyyətin fikrincə, pul mükafatı şəhər sakinlərinə yaşadıqları mühit haqda düşünməyə və onu bir növ dəyişməyə kömək edəcək.
Lyuyyanqda hakimiyyətin təşəbbüsü internetdə canlı diskussiya yaradıb, bloqqerlərdən biri isə yazıb ki, məmurlar bunu xoş niyyətdən etsələr də, özlərini masqaraya qoyurlar. Bunu «Independent» qəzeti yazır. «Yerli sakinləri küçələrin təmiz saxlanmasına şirnikləndirməkdənsə, ölü milçəklər üçün pul ödəyirlər», - deyə bloqqer bildirir.
Pekinin təmizliyi uğrunda mübarizəni 2007-ci ilin aprelində restoran sahibi Qo Çjantsi başlayıb. Onun şüarı belədir: «Milçəklərə yox, yeni Pekin! Milçəklərə yox, böyük Olimpiada!» Çjantsinin dediyinə görə, onu milçəkləri məhv etməyə restoranının girişində bu həşəratların həddən artıq çoxluğu vadar edib: «Mənim əsas məqsədim milçək almaq deyil. İstədiyim odur ki, hamı milçəkləri öldürməyə başlasın».
2008-ci il avqustun 8-də, axşam saat 8-də (8 Çində xoşbəxt rəqəm sayılır) başlayacaq Yay Olimpiadası artıq pekinlilərin həyat ritmini pozan təşəbbüslərə səbəb olub. Paytaxt sakinləri və qonaqları küçədə tüpürməməyə, yeri zibilləməməyə, fit çalmamağa vadar etməyə çalışırlar. Doğrudur, böyük ölçüdə cəza tədbirləri ilə. Taksi sürücülərini ingilis dilini öyrənməyə, saqqallarını qırxmağa məcbur edirlər, əcnəbi müştəriləri qorxutmamaq üçün taksini daz sürməyi qadağan edirlər. Pekində kapitalistləri pisləyən ideoloji lövhələr yoxa çıxıb.