Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 10:18

Polisə müqavimətdə təqsirləndirilən keşişin məhkəməsi başlayıb


Zaur Balayev Əliabad kəndində Baptist kilsəsinin keşişidir
Zaur Balayev Əliabad kəndində Baptist kilsəsinin keşişidir
İyulun 13-də baptist keşişi Zaur Balayevin məhkəməsi üzrə hazırlıq iclası keçirilib. Bu haqda Norveçdəki «Forum 18» insan haqları təşkilatı hakim Seyfulla Seyfullayevə istinadən məlumat yayıb.

Zaur Balayev Zaqatala rayonunun əsasən gürcü dilində danışan ingiloyların yaşadığı Əliabad kəndində Baptist kilsəsinin keşişidir. Azərbaycanlı baptistlərin lideri İlya Zençenko və daha 50 nəfər iddia edirlər ki, Zaur Balayev qanunsuz ittiham olunur. Zençenko bildirir ki, Zaur beş polis əməkdaşını döyməkdə və polis maşınının qapısını sındırmaqda təqsirkar bilinir: «Zaur kimi bədəncə zəif bir insan beş polisi necə döyə bilər?»


Zaqatala polisi isə bəyan edir ki, Zaur Balayev polis bölməsinə getməkdən imtina edib və onları qorxudub. İlya Zençenkonun sözlərinə görə, ittihamda deyilir ki, Balayev xristiandır və onun xristian olması cəmiyyət və ictimai təhlükəsizlik üçün qorxuludur.


Zaqatala Rayon Məhkəməsindən «Azadlıq» radiosuna verilən məlumata görə, əsas məhkəmə baxışı iyulun 20-nə təyin edilib.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin əməkdaşı Ceyhun Məmmədov isə bildirir ki, Zaur Balayevin həbsində heç bir dini zəmin yoxdur. Səbəb onun yaşadığı yerdə qanunsuz tikinti aparmaq cəhdi olub: «Məhkəmənin qərarı ilə onu polis şöbəsinə aparmaq istəyən polislərə müqavimət göstərib və onlarla kobud davranıb».


Zaur Balayev bu il mayın 20-də həbs olunub.


XS
SM
MD
LG