«Yeni Müsavat» qəzetindəki «Bakı ətrafında 30 min evi sökəcəklər. İqtidardan xalqa qarşı növbəti amansızlıq» başlıqlı məqalədə bildirilir ki, Balaxanı Neft və Qazçıxarma İdarəsi iyulun 20-dən etibarən 4-cü mədən ərazisində tikilmiş evləri sökmək qərarına gəlib. Bakıda əhali arasında həmin ərazi «Şanxay» adı ilə məşhurdur. Evlərin sökülməsinə etiraz edən Əmir Bağırov küçəsinin 200-ə yaxın sakini Əzizbəyov-Ramana yolunu bağlamağa cəhd edib. Bu barədə qəzetə həmin küçədə yaşayan aksiya iştirakçısı Teymur Kərimov məlumat verib. O, bildirib ki, Balaxanı Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi bu addımını 4-cü mədən ərazisində evlərin tikilməsi üzündən quyulara texniki xidməti həyata keçirə bilməmələri ilə izah edib. Kərimov həmin ərazidə 30 minə yaxın ev tikildiyini, bu evlərin əksəriyyətinin hər hansı sənədinin olmadığını, çoxunun da məcburi köçkünlərə aid olduğunu bildirib.
«Azərbaycan» qəzetindəki «Ədalətli sonun başlanğıcı» başlıqlı məqalədə bildirilir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin onun maraqlarına uyğun həlli istiqamətində ümid etdiyi iki amildən ikisi də puça çıxır. Söhbət Yerevanın dünya birliyinin nə vaxtsa mövcud status-kvo ilə razılaşacağına və guya Dağlıq Qarabağda «demokratik proseslərin» getdiyini görən beynəlxalq ictimaiyyətin separatçı rejimi tanıyacağına ümidlərindən gedir. Qəzet yazır ki, əgər birinci xeyli vaxtdır sıradan çıxıbsa, separatçı bölgədə baş verənlərə «xalqın demokratik yolla öz müqəddəratını müəyyənləşdirməsi» donu geyindirmək istəyi üzərindən də pərdələr götürülür. Maraqlıdır ki, bu «alibi»ni təmin etmək üçün Yerevandakılar hətta müəyyən risklərə və proseslərə demokratik görüntü verməyə belə cəhd edirlər.