İyulun 9-10-da Vaşinqtonda ABŞ-Azərbaycan «Təhlükəsizlik-dialoqu» formatında görüşlər başlayır. Danışıqlarda ABŞ tərəfdən dövlət katibinin müavinləri, Pentaqon rəsmiləri və Azərbaycandan isə xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.
Araz Əzimov jurnalistlərə deyib ki, görüşdə istər siyasi, istər praktik təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Nazir müavini bildirir ki, danışıqlarda həmçinin Qəbələ RLS-lə bağlı Rusiyanın təklifi də müzakirə olunacaq.
Xarici işlər nazirinin müavini ABŞ-da İran ətrafında yaranmış vəziyyətin də müzakirə ediləcəyini istisna etməyib: «İran ətrafında yaranmış vəziyyət nüvə və regional təhlükəsizlik məsələləri çərçivəsində müzakirə edilə bilər».
Araz Əzimov ABŞ danışıqlarının yekunu kimi hər hansı sənəd imzalanmayacağını bildirir.
ABŞ-Azərbaycan məsləhətləşmələri mayın əvvəllərinə planlaşdırılmışdı. Amma Dövlət Departamenti insan haqlarıyla bağlı illik hesabatında Ermənistanla bağlı hissədə Azərbaycan torpaqlarının işğal olunması barədə qeydlər dəyişdiyindən Azərbaycan tərəfi danışıqlardan imtina etmişdi. Daha sonra hesabat əvvəlki varianta qaytarıldı.