Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:00

Babək qurultayının son günü yeni həbslərlə nəticələnib


Babəkin ad günü kimi qəbul edilən tarix adətən Bəzz, yaxud Babək qalasında qeyd edilir
Babəkin ad günü kimi qəbul edilən tarix adətən Bəzz, yaxud Babək qalasında qeyd edilir

Bu il iyunun 30-dan 7 iyula qədər Babək qurultayının qeyd edildiyi həftə İranın bir çox Azərbaycan şəhərində elan edilməmiş fövqəladə vəziyyət mövcud olub, məntəqədə polis və hərbi güvələrin sayı artırılıb.


Buna rəğmən Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəmdinə həsr edilmiş bu həftə ərzində müxtəlif şəhərlərdə şənlik mərasimi qeyd edilib. Mərasimin dinc şəraitdə keçirilməsinə baxmayaraq iştirakçılardan bir neçəsinin həbs edildiyi xəbər verilir.


Şənbə iyulun 7-si səhər saatlarından Təbriz küçələrində hərbi vəziyyət hökm sürüb. Axşam saat 5-dən başlayaraq əhalinin şəhərin mərkəzi meydanlarında toplaşması ilə polis və hərb dəstələrin sayı da artırılıb. Buna baxmayaraq şəhərin müxtəlif yerlərindən Babəkin şəklini daşıyan balonlar göyə buraxılıb və atəşfəşanlıq olub.


«Baybak» internet xəbər servisinin verdiyi məlumata əsasən gecə saat 9 radələrində «Bəsic» adlanan hökumət tərəfdarı könüllülər dəstəsinin adamları Təbrizin küçələrində toplaşan əhaliyə hücum edərək, şənlik mərasiminə son qoyub, bir neçə iştirakçını nəzarət altına alıblar.


Həbs edilənlər arasında Həmid Purvəli adında 27 yaşlı bir fəalın olduğu bildirilir. Təbrizin Babək mərasimində tutulan başqalarının adı hələ bəlli deyil.


Bir gecə bundan əvvəl- iyulun 6-da Urmiyədə keçirilən şənlik mərasimdə tanınmış fəallardan Kərim Paşayinin həs edildiyi bildirilir.


«Urmu News» xəbər agentliyinin verdiyi məlumata görə Kərim Paşayi Urmiyənin «Şəhər Çayı» adlı sahil parkında keçirilən şənlik mərasimində atəşfəşanlıqlara baxan vaxt təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Onun həyat yoldaşı dərhal etiraz etməyə başlayıb və iştirakçıların qarşısında çıxış edib. Xanım Paşayinin nitqindən həyəcana gələn əhalinin etirazları silahlı qüvvələrin müdaxiləsi ilə dayandırılıb.


Urmiyənin «Ərteş» meydanında qəzet köşkü olan cənab Paşayi bundan öncə 2006-cı il may ayının karikatura qalmaqalı və sentyabrda Azərbaycan dilinin məktəblərdə yasaq edilməsinə etiraz aksiyaları zamanı həbs və vəsiqə şərti ilə azad edilmişdi.


Babək Xürrəmdinin ad günü kimi qəbul edilən tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir. Lakin, son iki il ərzində İran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG