«Gürcüstanda yaşayan azərbaycanlılar mütləq gürcü dilini bilməlidirlər. Əgər onlar bu dili bilməsələr gec-tez Gürcüstandan köçmək məcburiyyətində qalacaqlar». Təhsil naziri Misir Mərdanov gürcü dilini bilməyən azərbaycanlıların müvafiq vəzifə tutmasının qeyri-mümkün olacağını bildirir.
Son vaxtlar bir çox Azərbaycan məktəblərinin direktorlarının işdən çıxarılması məsələsinə gəlincə nazir bunu Gürcüstanda aparılan islahatlarla əlaqələndirib: «Gürcüstanın bütün məktəbləri şagird sayına görə maliyyələşməyə keçilib. Ona görə də hansı məktəbdə tədrisin keyfiyyəti yüksək deyilsə, o məktəblər az da olsa bağlanmağa başlayır».
Misir Mərdanov deyir ki, Azərbaycan dövlətinin əsas məqsədi odur ki, Gürcüstandakı azərbaycanlılar orada daimi yaşasınlar: «Ona görə də onlara dəstək veririk».
Bu yaxınlarda Gürcüstan müəllimləri attestasiyadan keçirilib. Yeni qaydalara görə bütün pedaqoji işçilərin gürcü dilini bilməsi əsas şərtdir. Azərbaycan məktəblərinin bu dili bilməyən direktorları isə işdən çıxarılır.
Bundan əlavə 2007-ci ildən Gürcüstanın orta təhsilinin Vauçer sisteminə keçməsi də bir çox Azərbaycan məktəblərinin bağlanması ilə nəticələnib. Yeni sistemə görə, hər bir şagird üçün büdcədən konkret məbləğ ayrılır. Şəhər məktəblərində bu məbləğ 230 lari, kənd məktəblərində 350 lari, dağ kəndlərindəsə 450 laridir. Məktəblərin təmirindən tutmuş müəllimin maaşınadək bütün xərclər bu hesabdan ödənir. Əlavə xərc çıxmasın deyə hökumət şagirdi az olan və ya yararsız halda olan məktəbləri ləğv edir və ya birləşdir.