Deputat səlahiyyətlərinə xitam verilmiş Hüseyn Abdullayevin barəsindəki həbs qərarından verdiyi apellyasiya şikayəti təmin olunarsa, o, yenidən deputat sayılacaq. «Trend» Agentliyinin məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov açıqlama verib
Martın 16-da Milli Məclisin iclası zamanı Abdullayevlə həmkarı Fəzail Ağamalı arasında əlbəyaxa dava olub. Respublika Prokurorluğunun təqdimatı əsasında H.Abdullayevin deputat toxunulmazlığı ləğv edilib və o, həbs olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə o, şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan qanunvericiliyinə görə, haqqında məhkəmə ittihamı olan şəxs deputat ola bilməz. MSK-nin katibi N.Məmmədov deyib ki, Abdullayevin barəsində iki qərar var - şəxsin cinayət törətməsi, yəni, təqsirliliyi və onun deputat səlahiyyətlərinə xitam verilməsi. Əgər birinci hökm ləğv edilsə, o zaman ikinciyə də baxılmalıdır. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi şərti cəzaya dair məhkəmə hökmünü ləğv edərsə, o zaman H.Abdullayevin deputat səlahiyyətləri bərpa olunmuş sayılacaq. Əgər apellyasiya şikayəti təmin edilməsə, Abdullayevin deputat yeri boş qalacaq və ora əlavə seçki təyin olunacaq.