İyunun 22-də axşam saatlarında Naxçıvanın Nehrəm kəndinə hücum edən bir neçə çaqqal və canavar kənd sakinlərini yaralayıb.
Əsasən qadın və yaşlılara hücum edən vəhşi heyvanlar yeddi qadını müxtəlif nahiyələrdən yaralayıb. Hazırda onların beşi xəstəxanadan çıxarılsa da, ikisinin yarası ağır olduğundan, onlar hələ də həkim nəzarəti altındadırlar.
Kənd camaatının səyi ilə heyvanlardan biri öldürülüb, digərləri isə qaçıb.
Çaqqalın yaraladığı Gülsüm xanımın qohumu Heydər deyir ki, indi kənd camaatı qorxu içindədir. Hətta dükanlara gedib, alış-veriş etməyə belə qorxurlar:
«Mənim bibimi boynundan qapdı, sonra bizim qonşudan bir nəfərin ayağını, qolunu qapdı... Yeddi nəfərə ziyan dəyib. Çox qorxu içindəyik. Daha heç kim bizim dükana gəlib, alver etmir...».