Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 16:35

Həbsdə olan jurnalistlər əfv edilə bilər


Əli Həsənov «Diffamasiya haqda» qanunun qəbulunun hələlik tez olduğunu deyir
Əli Həsənov «Diffamasiya haqda» qanunun qəbulunun hələlik tez olduğunu deyir

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Mili Mətbuat Günü ərəfəsində həbsdə olan jurnalistlərin əfv olunmasını istisna etmir. O, hazırda situasiyanın araşdırıldığını deyir. «Hazırda situasiyanı araşdırırıq. İndiyə kimi dəfələrlə məhkum olunmuş jurnalistlər prezident tərəfindən əfv olunub. Amma sonradan onlar qanuna əməl etməyib, bunu öz qələbələri kimi qiymətləndiriblər».


Hakim Yeni Azərbaycanın Partiyasının təşəbbüsü ilə iyunun 21-də «Mətbuat və cəmiyyət» mövzusunda keçirilən tədbirdə çıxış edən Əli Həsənov Azərbaycan mətbuatında problemlərin olduğunu da bildirib. Amma həmin problemlərin mətbuata təzyiqlərlə bağlı olmadığını, bu problemlərin mətbuatın özündən qaynaqlandığını deyib. O, bir sıra qəzetlərin təhqirə, böhtana yol verdiyini bildirib.


Şöbə müdiri mətbuatın maliyyələşməsi məsələsinə də toxunub: «Reklam bazarında illik gəlirlər 26 milyon dolları keçmir. Onun 2 milyonu qəzetlərə çatır. Bu da əvvəlcədən reklam bazarında yerini tutmuş qəzetlərin payına düşür. Bu qeyri-normal haldır. Gəlin hakimiyyət nümayəndələri, Mətbuat Şurasının ilə bu problemləri birgə müzakirə edək və aradan qaldıraq. Sizi ayrı-ayrı siyasi düşərgələrdən, ayrı-ayrı məmurlardan asılılıqdan xilas edək, varlı adamların monopoliyasından azad edək».


«Yeni Müsavat» qəzetinin redaktoru Azər Ayxan isə bildirib ki, parlamentdə mətbuatı daşqalaq etməklə bağlı çağırışlar səslənəndə YAP-dan olun deputatlar buna reaksiya verməyiblər. Ona görə də redaktor ilk növbədə münasibətləri normalaşdırmağı təklif edib.


Tədbirdə həbsdə olun jurnalistlərin azadlığa buraxılması, qanunvericiliyə dəyişikliklər edilməsi, böhtana görə maddənin qanundan çıxarılması və «Diffamasiya haqda» qanunun qəbulu haqda təkliflər səsləndirildi. Müzakirələrin yekunu olaraq isə konkret qərar qəbul olunmayıb. Əli Həsənov «Diffamasiya haqda» qanunun qəbulunun hələlik tez olduğunu deyib. Amma bildirib ki, bu təklifləri dövlət səviyyəsində həllinə təşəbbüs göstərməyə hazırdır.


YAP-ın təşəbbüsü ilə belə bir görüş ötən il də keçirilmişdi.


XS
SM
MD
LG