İyunun 20-si Beynəlxalq Qaçqınlar Günüdür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada 10 milyona qədər qaçqın var. Komissarlıq bildirir ki, bu rəqəm iraqlıların hesabına artıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda da qaçqın və məcburi köçkünlər problemi yaranıb. Rəsmi məlumata görə onların sayı 1 milyondan çoxdur.
Qəbul olunmuş dövlət proqramına uyğun olaraq hökumət bu təbəqəyə aid şəxslərin sosial qayğılarını həllə etməyə çalışır. Belə ki, 2007-ci ilin axırına kimi bütün çadır şəhərciklərini ləğv ediləcək. Daha sonra fin qəsəbələri, təhsil müəssisələrində məskunlaşanlar köçürüləcəklər.
Bu ilin axırına kimi isə məcburi köçkünlər üçün çörəkpulu artırıla bilər. Məlumatı «Azadlıq» radiosuna Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin departament direktoru Sənan Hüseynov verib. İndi məcburi köçkünlər adambaşına hər ay 9 manat çörəkpulu alırlar.
Azərbaycandakı qaçqın və məcburi köçkünlərin 250 mini Ermənistandan gələnlər, 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan köçən ahıska türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır. Bu kateqoriyaya aid insanların böyük əksəriyyəti-686 min 586 nəfəri isə Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərdir.