Rusiya prezidenti Vladimir Putin Amerikaya təklif edib ki, öz raketdən müdafiə sistemlərini Çexiya və Polşada yox, Azərbaycanda yerləşdirsin, Vaşinqton və Moskva Qəbələ Radiolokasiya Stansiyasını (RLS) müştərək istifadə etsinlər.
«Azadlıq» Radiosunun müxbiri Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzindən Bülənt Əlirza ilə söhbət edib, maraqlanıb ki, Putinin Azərbaycanla bağlı təklifinə Amerikada real baxırlarmı?
- Putinin təklifi amerikalılar üçün bir sürpriz olmuşdu. Prezident Buş buna «baxarıq» dedi, amma indi Çexiya və Polşa planlarından da vaz keçmək istəmir. Amma sonradan Putin raketdən müdafiə sistemlərini «Türkiyədə də quraşdırmaq olar, dənizdə gəmidə də quraşdırılması mümkündür» dedi. Məlum oldu ki, Qəbələ yeganə təklif deyil. Ona görə də indi Azərbaycanla bağlı təklifə Moskvanın verdiyi, Vaşinqtonun da qəbul etdiyi bir təklif kimi baxmaq olmaz. Amerika hələ də əvvəlki planlarını davam etdirmək istəyir. Odur ki, Azərbaycana dair təklif tərəfləri daha çox maraqlandırsa: birincisi, Vaşinqton Şərqi Avropa planlarından imtina etməlidir; ikincisi, Azərbaycan Rusiya və Amerika ilə birgə çalışmaq istəyini bildirməklə yanaşı, Tehranın da bu məsələyə qarşı çıxmamasını təmin etməlidir. Amma indi biz bu mərhələdə deyilik. Bəzi məsələlər qarşıdakı həftələrdə aydınlaşacaq.
- Sizcə, bu təklif İranla Azərbaycan arasında münasibətləri gərginləşdirə bilərmi?
- Əgər təklif reallaşarsa, təbii. Əgər bu sistem İrandan Qərb ölkələrinə uça biləcək raketlərə qarşı qurulursa, onda bu məsələ mütləq Azərbaycanla İran arasında münasibətlərə təsir edəcək. Amma yenə də deyirəm ki, o mərhələdə deyilik. Hələ ki, ortada Azərbaycanla bağlı planın gerçəkləşəcəyinə dəlalət edən hər hansı əlamət yoxdur.
- Bəs raketdən müdafiə sistemlərinin Türkiyədə qurulması ideyası nə dərəcədə realdır?
- İndi Türkiyə daha çox öz daxili məsələləri ilə məşğuldur. Məlumdur ki, bu yaxınlarda Türkiyədə gərginliklər yaşandı. İyulun 22-də seçkilər var. Bundan başqa, Şimali İraq problemi mövcuddur. Bu şəraitdə Türkiyənin bu məsələ ilə ciddi məşğul olduğunu söyləmək mümkün deyil. Amma təbii ki, Vaşinqtonun İrana qarşı planlarının olduğunu Türkiyə də bilir. Türkiyə ilə Amerika arasında bu mövzuda əvvəllər bəzi təmaslar da olub.