Düz 20 il sonra, həmin vaxtda, Amerika prezidenti Corc Buş Vaşinqtonun mərkəzində kommunist terroru qurbanlarının xatirə memorialının açılışına gəlib.
1989-cu ildə Pekinin Tyanyanmen meydanında kütləvi etirazlar zamanı çin tələbələri papye-maşedən azadlıq abidəsi düzəltmişdilər. Memorial həmin abidənin bürünc surətidir.
Memorialın açılışında Corc Buş deyib: «Bu memorialı layihələşdirənlər Berlin divarının fraqmentini və ya QULAQ-ın dondurulmuş baraklarını, ya da Kambocanın «ölüm zəmiləri»ndəki insan kəllələri dağlarını təsvir edə bilərdilər. Bunun yerinə onlar ümid surətini - əlində azadlıq məşəli olan qadını seçiblər. O, bizə kommunizm qurbanlarını, həm də kommunizmi məğlub edən qüvvəni xatırladır».
Buş kommunizmi terrorizm və radikalizmlə müqayisə edib: «Kommunistlər kimi bizim ölkəyə hücum edən terrorçular da qorxunc ideologiyanın tərəfdarlarıydılar, o ideologiyanın ki, azadlıq prinsiplərini saymır, fikir müxtəlifliyini tanımır, işğalçı ambisiyaları var və totalitar məqsədlər güdür».
«Kommunistlər kimi, bizim düşmənlər də əmindirlər ki, öz məqsədlərinə çatmaq üçün günahsız insanları öldürməyə haqları çatır», - deyə Corc Buş qeyd edib. Onun dediyinə görə, «təcavüzkar ideologiyalar insanları dəhşətli cinayətlərə, milyonların qətlinə yönəltmək iqtidarındadır ... və bu şərlə mübarizə aparmaq lazımdır». Məlumatı «Associated Press» Agentliyi yayıb.