Azərbaycanın regionlarında vakant dövlət qulluğu vəzifələrinə müraciət edənlər yoxdur. Bu, ölkədə kadrların idarə edilməsi ilə məşğul olan aidiyyatı qurumların olmaması ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov belə deyir. Komissiya sədri bu sahədə çatışmazlıqların olduğunu etiraf edib. Bildirib ki, problemin aradan qaldırılması üçün komissiya müvafiq təkliflər hazırlayıb.
Hazırda 15 dövlət orqanında mövcud 200 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün yeni müsabiqə elan edilib. Aprelin 23-dən iyunun 5-dək müsabiqədə iştirak etmək istəyən 910 nəfərin namizədliyi qeydə alınıb. Test imtahanlarının iyunun 23-də keçirilməsi nəzərdə tutulub.
Komissiya sədri Bəhram Xəlilov iyunun 13-dəki mətbuat konfransında bildirib ki, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə və Səhiyyə nazirliklərindəki vakant dövlət qulluğu vəzifələrinə ilk dəfə müsabiqə elan olunub. Sənəd verənlər daha çox İqtisadi İnkişaf və Maliyyə nazirliklərindəki vəzifələrə üstünlük verirlər.