Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 01:34

Zərərçəkən and içmədiyinə görə həbs edildi


«Azpetrol» şirkətinin sabiq prezidenti Rafiq Əliyev ifadə verməkdən yenə də imtina edib
«Azpetrol» şirkətinin sabiq prezidenti Rafiq Əliyev ifadə verməkdən yenə də imtina edib

Dövlət əmlakını mənimsəməkdə, rüşvət almaqda və verməkdə ittiham olunan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev və daha 17 nəfərin işi üzrə məhkəmə davam edir.


İyunun 11-də zərərçəkən qismində ifadə verməli olan Ağdam sakini Münasib Əsədov and içməkdən imtina edib. Zərərçəkən bunun səbəbini izah etməyib, yalnız deyib ki, məhkəmənin suallarını cavablandırmağa hazırdır, amma and içmək fikri yoxdur. Dördüncü xəbərdarlıqdan sonra hakim onun 48 saat həbs olunması barədə hökm çıxarıb. Bu haqda «Azadlıq» radiosuna Rafiq Əliyevin vəkili Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, hakim həmin şəxsi cərimə də edə bilərdi, amma nədənsə, daha sərt hökm çıxarmağa üstünlük verib.


«Azpetrol» şirkətinin sabiq prezidenti Rafiq Əliyev isə ifadə verməkdən yenə də imtina edib. O, bunu iş materialları ilə tanış olmaması ilə bağlayıb. Rafiq Əliyevin vəkili Fuad Ağayevin iş materiallarının surətini çıxarmaq üçün qaldırdığı vəsatətsə növbəti dəfə baxılmamış qalıb.


Məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edir. Günün birinci yarısında bir neçə müharibə veteranı özəlləşdirmə payını ala bilməmələri ilə bağlı ifadə veriblər.


XS
SM
MD
LG