Qəbələ Radiolokasiya Stansiyasından müştərək istifadəyə dair Rusiyanın təklifi ABŞ-ın Şərqi Avropada Raket Əleyhinə Müdafiə sistemləri yerləşdirmək planlarına təsir etməyəcək.
Bunu «Associated Press» agentliyinə ABŞ-ın Dövlət katibi Kondoliza Rays deyib.
Rays Rusiya prezidentinin təklifini «sürpriz» adlandırıb. Deyib ki, bu təklif diqqətəlayiqdir. Amma:
«Biz Çexiya və Polşa ilə danışıqları davam etdiririk və etdirəcəyik. Biz təhlükəsizlik məsələsinin həlli baxımından nəyi yaxşı hesab ediriksə, onu edəcəyik» - deyə Rays əlavə edib.
Polşa prezidenti Lex Kaçinski isə istəyir ki, iyunun 18-də məsələni azərbaycanlı həmkarı İlham Əliyevlə danışsın.
Bu haqda da «Associated Press» xəbər verir. Kaçinski bunu Varşavada Amerika prezidenti Corc Buşla danışıqlardan sonra deyib.