«Ermənistan danışıqlarda Dağlıq Qarabağın statusunu yenidən önə çıxarmaqla qeyri-konstruktiv mövqe nümayiş etdirir və üç illik danışıqlara zərbə endirir».
Azərbaycan-Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü ərəfəsində Xarici İşlər naziri Elmar Məmmədyarov belə bəyanatla çıxış edib. Nazirin sözlərinə görə, son üç ildə münaqişənin mərhələli şəkildə həlli yönündə razılıq əldə olunub: «Ermənistan köhnə mövqeyini bərpa edir. Biz müzakirə edirdik ki, problem mərhələli şəkildə həll olunmalıdır. İlk növbədə, qoşunlar işğal olunmuş ərazilərdən çıxarılmalıdır, ora sühməramlı qüvvələr yerləşdirilməlidir, infrastruktur bərpa olunmalıdır, məcburi köçkünlər qaytarılmalıdır və ondan sonra status məsələsinə qayıdılmalıdır. Ermənistan yenə də status məsələsinə qayıdırsa, üç illik danışıqların üstündən xətt çəkir».
Azərbaycan və Ermənistan prezidentləri iyunun 9-da Sankt-Peterburqda görüşməlidirlər.