«RTR» və «AzTV»nin efirindən Azərbaycan və Rusiyanın ərazi bütövlüyünə qarşı material getməməlidir». Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna deyib.
Sədr bildirib ki, televiziya kanallarının yayımı ilə bağlı məsələ işçi qrupu səviyyəsində Moskvada iyunun 8-9-da müzakirə olunacaq.
O, bildirib ki, danışıqlarda Azərbaycan tərəfinin təklifi odur ki, kanallar həmin ölkələrin ərazi bütövlüyü və müstəqilliyinə hörmətlə yanaşmalıdır. Buna riayət olunmadığı təqdirdə isə, razılaşma sonradan ləğv oluna bilər.
Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, Azərbaycan təklif edir ki, qısa müddətli-3 ilik müqavilə imzalansın, çünki ölkədə peyk antenalarından istifadə edən tamaşaçıların sayı ildən-ilə artmaqdadır.
«RTR»in Azərbaycanda , «AzTV»nin isə Rusiyada yayımı ilə bağlı növbəti-sonuncu görüş Bakıda olacaq.
Azərbaycan təklif edir ki, «AzTV» nəinki Moskvada, həm də Rusiyanın azərbaycanlılar yaşayan regionlarında da yayımlansın.
MTRŞ-nın sədri onu da deyir ki, Rusiya kanalları ilə yanaşı, Türkiyə kanalları ilə də danışıqlar səfirlik səviyyəsində davam etməkdədir.