«ATƏT Azərbaycanda azad sözlə bağlı vəziyyətin normallaşması üçün əlindən gələn hər şeyi edəcək. Mən bunu prezident İlham Əliyevlə də, müxalifət partiyalarının liderləri ilə də görüşümdə demişəm». ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos jurnalistlərə açıqlamasında belə deyib.
Onun fikrincə, demokratik dövlət azad sözə, mətbuat plüralizmə söykənməlidir. O, əlavə edib ki, bu yöndə ATƏT-in bəzi layihələri də var.
«Bununla bağlı, ATƏT-in Bakı ofisindəki nümayəndəmiz bir neçə layihə hazırlamalıdır. Bu layihələr kütləvi informasiya vasitələrində yeni nəslin formalaşmasına, eləcə də Azərbaycanda mətbuatın vəziyyətinin yaxşılaşmasına xidmət edəcək».
Migel Anhel Moratinos Bakı görüşlərində 2008-ci il prezident seçkilərinin də başlıca müzakirə mövzusu olduğunu bildirib. «ATƏT əlindən gələni edəcək ki, bu seçkilərin azad və ədalətli keçirilməsinə maksimum zəmanət olsun»-, deyə cənab Moratinos bildirib.
Bu, Migel Anhel Moratinosun Bakıya ATƏT sədri kimi ilk səfəri idi.