Azərbaycanın orta məktəblərində mayın 31-də «son zəng» çalınıb. Bu il Bakı şəhərdə 28 min şagird məktəblə vidalaşır. Ümumilikdə isə Azərbaycanın orta ümumtəhsil məktəblərini 120 min 81 şagird bitirir.
Şagirdlərin «son zəng»i Milli Parkda keçirilməsinə məhdudiyyət qoyulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisi Zəminə Əliqızı deyir ki, buna baxmayaraq onlar şagirdlərin parka axınını istisna etmir. Buna görə də Təhsil İdarəsi təhlükəsizliyi gücləndirmək üçün polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, «son zəng» tədbiri kütləvi olmadığından, təhlükəsizliyə hər rayonun öz polisi nəzarət edəcək. Bakıda polis gücləndirilmiş iş rejimində işləməyəcək.