Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:14

Məmməd Əminlə 10 dəqiqəlik söhbət


«Şəxsən mən 88-in içindəyəm. Onun üçün canımdan da keçməyə hazıram...»
«Şəxsən mən 88-in içindəyəm. Onun üçün canımdan da keçməyə hazıram...»

«Əsir saxlandığım düşərgədə molla, həm də doktor işləyən Məmmədtağı martın 19-da məni çağırdı. Gördüm ki, bir nəfər də onun yanında oturub. Salam verdim. Məmmədtağı mənə dedi ki, tanış ol bu Məmməd Əmindir. Sanki özümü itirdim…» 88 yaşlı Novxanı sakini Ağadadaşov Balabəy Ağadadaş oğlu 1941-ci ildə Məmməd Əmin Rəsulzadə ilə görüşünü belə xatırlayır.


O, həmin ildə yaralanıb almanlara əsir düşür, Fransadakı düşərgələrin birinə aparırlar. Ondan başqa orada 3 mindən çox azərbaycanlı saxlanırmış.


Balabəy kişi Məmməd Əminlə 10 dəqiqəyə yaxın söhbət etdiyini deyir. «Halımı xəbər aldı. Kimlərdən olduğumu soruşdu». Həmin görüşün üstündən yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq Məmməd Əminin son sözlərini indi də xatırlayır: «Ayrılanda dedi ki, Allah qoysa vətəndə görüşərik...»


Həmin görüşdə bir sıra mühacir Azərbaycan ziyalıları da iştirak ediblər. Onların içərisində Üzeyir Hacıbəyovun qardaşı Ceyhunu tanıya bilib. «Müharibə başlayana qədər Üzeyir bəyin sürücüsü olduğumdan Ceyhun Hacıbəylini dərhal tanıdım. Ceyhun bəyə dedim ki, qismət olsa vətənə qayıtsam qardaşınıza bir sözünüz varmı. «Dedi yox. İldə bir-iki dəfə məktublaşırıq».


Balabəy kişi deyir ki, Məmməd Əminlə görüşdən sonra düşərgədə saxlanılan bütün azərbaycanlı əsirlər-3300 nəfər üçün bayram plovu bişirirlər. Səhəri günü tonqal da qalanır, Novruz bayramını qeyd edirlər.


Azərbaycana qayıtdıqdan sonra onu dəfələrlə dövlət təhlükəsizlik orqanlarına çağırırlar. Yalnız Fransada partizan hərəkatında iştirak etdiyini deməsi onu uzun müddətə həbs olunmaqdan qurtarır.


Novxanı kəndinin ağsaqqalı bu gün isə öz həmkəndlilərindən narazılığını gizlətmir. «Hər il mayın 28-də Məmməd Əminin abidəsinin önünə gəlirəm. Kəndimdən indi burada 5 adam ancaq olar. Əslində bu gün böyüklü-kiçikli hamı burada olmalı idi. Zarafat deyil, bu kişi 23 ay ölkəyə yiyəlik edib».


Ömrünün ahıl çağında belə əqidəsinin sarsılmadığını deyir: «Şəxsən mən 88-in içindəyəm. Onun üçün canımdan da keçməyə hazıram...»


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG