Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:14

«Azərbaycan kağız üzərindəki islahatlarla reallıq arasında yuxulayır»


«Korrupsiyayla bağlı şikayətlərin beşdə biri məhkəmələrdən və hakimlərdəndir»
«Korrupsiyayla bağlı şikayətlərin beşdə biri məhkəmələrdən və hakimlərdəndir»

«Azərbaycan kağız üzərindəki islahatlarla reallıq arasında yuxulamaqdadır». «Transparency International» Təşkilatının mayın 24-də yaydığı 2007-ci ilə dair «Qlobal korrupsiya» hesabatının Azərbaycana aid hissəsində belə deyilir. Sənəddə bildirilir ki, məhkəmələrin azad olmaması, korrupsiyalaşması Azərbaycanda ciddi problemdir, hakimlərin maaşı az, işləri çoxdur. Regionda ən az hakim Azərbaycanın payına düşür.


Azərbaycan məhkəmələrini xarakterizə etmək üçün AXCP sədrinin müavini Fuad Mustafayevdən sitat gətirilib. Mustafayev deyir ki, Azərbaycanda məhkəmələr iki prinsip əsasında qərar çıxarırlar; ya siyasi hökm verir, ya da qanunu daha çox pul verənin xeyrinə yozurlar. Vəkillərsə şikayətlənirlər ki, onlar vəkil yox, dəllala çevriliblər.


Hesabatda Azərbaycan ədliyyə sisteminin qanunsuzluqlara imkan verdiyi deyilir. Məsələn, indiki sistem hakimə imkan verir ki, dinləmələrin olub-olmaması barədə qərar versin, izahat-filan verməsin. Ya da hakim Azərbaycan qanunlarına, insan haqlarına uyğun olmayan qərar qəbul edə bilər. Bundan başqa, Azərbaycanda prosedurlar elədir ki, məhkəmə xeyli vaxt aparır. Ona görə də, Avropada, Mərkəzi Asiyada şirkətlərin 30 faizi məhkəmələrdən istifadə edirsə, Azərbaycanda bu rəqəm 5 faizdir.


«Transparency International» məhkəmə sistemində aparılan islahatları qeyd edir, bildirir ki, bölgələrdə apellyasiya, iqtisad məhkəmələri var, hakimlər imtahanla seçilir. Amma son sözü prezident deyir. Çünki hakimlərin seçilməsinə, işdən çıxarılmasına Məhkəmə-Hüquq Şurası baxır. Şuranın 15 üzvünün 15-ni də prezident, parlament və Konstitusiya Məhkəməsi təyin edir. İctimaiyyət seçimdə iştirak etmir.


Sənəddə bildirilir ki, hakim olmaq istəyənlər üç mərhələli imtahan veriblər, imtahanlardan keçənlər prezidentin təyin etdiyi Məhkəmə-Hüquq Şurasında müsahibədən də keçməlidirlər və şura seçilənlərin siyahısını təsdiqləmək üçün prezidentə verməlidir.


Hesabatda Azərbaycan ədliyyə sistemində prezidentin rolundan xüsusi danışılıb. Sənəddə deyilir ki, korrupsiyayla bağlı şikayətlərin beşdə biri məhkəmələrdən və hakimlərdəndir.


«Transparency İnternational» Azərbaycanda məhkəmənin azad olması üçün bir neçə islahat tövsiyə edir. Bunlara Məhkəmə-Hüquq Şurasının Ədliyyə Nazirliyinin tabeliyindən çıxarılması, şura üzvlərinin istefaya getmiş hakimlər, mədəniyyət, incəsənət və ictimai xadimlər arasından seçilməsi və s. daxildir.


Sənəddə Azərbaycan korrupsiya indeksinə görə, qonşu ölkələrin hamısından irəlidə gedir -130-cu yer. Müqayisə üçün siyahıda Ermənistan 94-cü, Gürcüstan isə 100-cü yerdə göstərilir.


Dövlət Qulluğunu İdarəetmə Şurası Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından «Azadlıq» radiosuna deyiblər ki, hesabat yeni yayıldığından tələsik münasibət bildirmək istəmirlər. Məhkəmə-Hüquq Şurasından da sənədə hər hansı mövqe öyrənmək mümkün olmayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG