Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 21:11

Avropa – 2057…


Rusiya və Türkiyənin üzvlüyü AB-də balansı köklü surətdə dəyişib
Rusiya və Türkiyənin üzvlüyü AB-də balansı köklü surətdə dəyişib
…Avropa Birliyinin sədri – Rusiya prezidenti Vyaçeslav Ponkratenko Şuman, keçmiş Qızıl meydana baxır. Bir vaxtlar burada təmtəraqlı hərbi paradlar keçirilirdi. Bu gün isə hər şey başqa cürdür. Bu gün, 2057-ci il mart ayının 25-də Moskvada yaz küləyində Avropa Birliyinin bayrağıyla yanaşı, iftixarla 51 ölkənin – Avropa Birliyinin bütün üzvlərinin milli bayraqları yellənir. Təntənəli mərasimin sonunda «Roma» razılaşmasının 100 illik ildönümü şərəfinə ölkə və hökumət başçıları xorla «Sevinc odası»nı oxuyurlar. Bir çoxları sözün əsl mənasında mütəəssir olub - məgər vur-tut 50 il əvvəl belə bir şeyi təsəvvür etmək olardımı?

Ponkratenko dərin məmnunluq hissi keçirir: yubiley gününün səhərinə yaxın, dramatik gecə danışıqlarından sonra iştirakçılar «Moskva» Bəyannaməsinin mətnini hər halda razılaşdıra biliblər. Xüsusilə Avropa Birliyinin xarici sərhədlərinin mübahisəsi daha kəskin olub: Avropa Komissiyasının sədri, türk Kürsat Abbasoğlu yeni üzvlərin qəbul edilməsində sırf coğrafi meyarlara üstünlük verilməsində israr edirdi. «Qafqaz və Orta Asiya respublikalarının Avropa Birliyinə üzvlüyündən sonra biz sadəcə, eyni tempdə genişləndirməni davam etdirə bilmərik», – deyə o, Moskvadan getməmişdən qabaq bildirib: «Əks-halda Avropa kimliyimizi itirə bilərik».


Amma AB-nin rusiyalı sədri sözünün üstündə dura bilib. Deyib ki, bu və ya digər ölkənin birliyə qəbulunda başlıca meyar «milli xüsusiyyətlər nəzərə alınmaqla Avropa dəyərlərinə» uyğunluq olmalıdır. Bununla Ponkratenko Səudiyyə Ərəbistanı, İran, İraq və Fələstin-İsrail Federasiyasına kəskin cavabdan qaça bilib. Yubileyə bir gün qalmış onlar Avropa Birliyinə üzvlük üçün kollektiv ərizə veriblər.


Böyük Britaniya başda olmaqla tam inteqrasiyanın qızğın tərəfdarları tələb edirdilər ki, yeni üzv ölkələr dərhal avrozonaya daxil olmaq öhdəliyi götürsünlər. Ancaq Qazaxıstan və Monqolustan kimi təzə üzv ölkələr bu yolda maneələr törədirlər. Onlar öz vətəndaşları üçün miqyaslı islahatların törətdiyi böyük stressdən qaçmaq istəyirlər. Rusiya prezidenti Ponkratenko da bu məsələdə çox israr etməyib. O, parlament seçkiləri ərəfəsində nüfuzlu «Rus Rublunun Xilası Uğrunda» təşkilatı ilə münasibətləri pozmaq istəməyib, elə Moskva merinin həyat yoldaşı da buna qarşı idi. Ona görə də, kompromis əldə ediblər, avrozonaya daxil olma yalnız könüllü «uzunmüddətli hədəf» elan olunub.


2022-ci ilin iyununda - amerikalılar İraqdan qoşunlarını çıxarandan sonra Avropa Birliyində güclər nisbəti kəskin dəyişib. Üç aydan sonra ABŞ NATO-nun tərkibindən çıxıb. Avropa Birliyi və BMT keçmiş alman kansleri Şröderə tapşırıb ki, keçid hökumətini formalaşdırsın və İraqın yeni Konstitusiyasını işləyib hazırlasın. 78 yaşlı siyasətçi özünün müsəlman dünyası və Rusiyadakı əlaqələrindən istifadə edib. İraq beynəlxalq qəyyum statusu alıb, o, birliyin adından Türkiyə və Rusiya tərəfindən idarə olunur. Lütfkar razılığa görə, Rusiyaya 2032-ci ildə Avropa Birliyində tam üzvlük vəd olunub. Polşa buna qarşı çıxıb, deyib ki, bu, AB-yə daxil olmaq istəyən ölkələrə münasibətdə qüvvədə olan demokratiya və bazar iqtisadiyyatının «Kopenhagen» meyarlarına ziddir. Amma Şröder Polşanın vetosunu rədd edib, deyib ki, «biz yeni dünyanın reallıqları ilə hesablaşmaya bilmərik. Rusiyanın Avropa Birliyinə qəbul edilməsinə heç bir başqa alternativ yoxdur...»


Rusiya və Türkiyənin üzvlüyü AB-də balansı köklü surətdə dəyişib. Bu ölkələr Avropada ən çox əhalisi olan dövlətlərdir (müvafiq olaraq 154 və 96 milyon), onların milli iqtisadiyyatı isə birlikdə ən böyüyüdür. Onlardan heç biri özü üçün avrozonaya daxil olma mümkünlüyünü nəzərdən keçirmir. Axı, valyuta birliyinə daxil olan ölkələrdən fərqli olaraq, onların xarici ticarətinin böyük hissəsi AB üzvü olmayan dövlətlərin payına düşür. Moskva və Ankaranın Mərkəzi Bankları öz qərarlarını Avropa Mərkəzi Bankı ilə uzlaşdırır, özü də Moskva aşkar surətdə maliyyə siyasətini diktə edir...


Amma alman siyasətçilərinin yeni praqmatik nəsli bu cür reallıqla barışıb. Deyirlər ki, onların 46 milyonluq ölkəsi Hollandiya və Rumıniya kimi ortabab Avropa ölkəsidir. Rusiya-Türkiyə rəhbərliyi isə Çin neomühafizəkarlarının imperiya niyyətlərinin silkələdiyi səksəkəli dünyada etibarlı müdafiəni təmin edir...


Biz heç nəyi uydurmamışıq, sadəcə, «Financial Times» qəzetinin alman nəşrində dərc olunan məqaləni xeyli qısaldaraq tərcümə etmişik.


XS
SM
MD
LG