Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:32

«Azərbaycanda mətbuat azadlığı il ərzində hücumlara məruz qalıb»


«Amnesty International» dünyanın 150 ölkəsində insan haqlarının vəziyyətini öyrənib
«Amnesty International» dünyanın 150 ölkəsində insan haqlarının vəziyyətini öyrənib

«Amnesty International» hüquq müdafiə təşkilatı dünya ölkələri üzrə 2006-cı ildə insan haqlarının vəziyyətini qiymətləndirən illik hesabatını yayıb.


Hesabatda deyilir ki, Azərbaycanda mətbuat azadlığı və toplaşmaq hüququ məhdudlaşdırılıb. Polis daim aksiya keçirən nümayişçiləri dağıtmaq üçün güc tətbiq edib.


İl ərzində həm də müxalifət jurnalistlərinə hücumlar davam edib, onlar ya böhtana, yaxud da narkotik maddə istifadəsi ilə bağlı şübhəli maddələrlə cinayət məsuliyyətinə cəlb olunublar.


Hesabatda qeyd edilir ki, Azərbaycanda mətbuat azadlığı il ərzində hücumlara məruz qalıb. Müxalifətdən olan jurnalistlər - Fikrət Hüseynov və Bahəddin Həziyev naməlum şəxslər tərəfindən döyülüb, lakin indiyə kimi günahkarların tapılmayıb. Eyni zamanda «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun da qətlinin araşdırılmasında heç bir irəliləyiş yoxdur.


«Amnesty International»ın hesabatında eyni zamanda qeyd edilir ki, 2006-cı ildə bir sıra jurnalistlərə və qəzetlərə qarşı böhtanla bağlı cinayət işi açılıb və onlar həbsə salınıblar. Həbs edilən jurnalistlərdən ikisi isə oktyabr ayında əfv olunaraq azadlığa çıxıb.


«Azadlıq» qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovun isə narkotik maddə satmaqda ittiham olunaraq, iyun ayında həbs olunduğu da hesabatda əksini tapıb. Qeyd edilir ki, Zahidov narkotik satışında ittiham olunsa da, məhkəmə baxışı zamanı həmin ittiham əsası olmadığından dəyişdirilib. Sonradan jurnalist yalnız narkotik maddədən istifadə də təqsirli bilinib.


Hesabat həmçinin ANS televiziyasının bağlanması və sonradan televiziyanın tezliyi üçün tenderin elan olunduğunu da yazıb.


«Amnesty International» həmçinin ədalətsiz məhkəmə qərarlarından bəhs edib. Qeyd edilir ki, iyun ayında «Yeni Fikir» Gənclər Hərəkatının 3 lideri məhkəmənin ədalətsiz qərarı ilə dövlət çevrilişinə cəhdə ittiham olunaraq həbs olunublar.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və qardaşının da dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunması, həbsxanada ona lazımi tibbi xidmətin göstərilmədiyi, mülkiyyətinin müsadirə olunduğu, ailə üzvlərinə isə hədə qorxu gəlindiyi də deyilir.


Dağlıq Qarabağdan məcburi köçkün düşən şəxslərin vəziyyətinə də təşkilat öz münasibətini bildirib. Hesabatda qeyd olunur ki, qaçqınların evlərlə təmin edilməsinə baxmayaraq, bu yaşayış yerləri həm uzaq, həm də iqtisadi səmərəsiz ərazilərdə yerləşdirilib. Buna görə də qaçqınlar arasında işsizlik geniş yayılıb və təhsil, səhiyyə kimi adi xidmətlərdən yararlanmaq isə onlar üçün xeyli çətinləşib.


«Amnesty International» dünyanın 150 ölkəsində insan haqlarının vəziyyətini öyrənib. Hesabatda həmçinin qeyd edilir ki, dünyada islamofobiya, antisemitizm, dözümsüzlük və dini qruplara qarşı hücumların sayı daha da artıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG