22 may İranın bütün Azərbaycan şəhərlərində fövqəladə vəziyyətin hökm sürməsinə baxmayaraq, 2006-cı il aksiyalarının ildönümü Təbrizdə izdihamlı nümayişlərlə qeyd olunub.
Çox sayılı polis və hərbi dəstələrin cəmləşdirilməsinə baxmayaraq, axşam saatlarında Təbrizin Bazarağzından yola düşən on minlərlə nümayişçi bir saat davam edən yürüşdə «Türk dilində mədrəsə, olmalıdır hər kəsə», «Azərbaycan oyaqdır, öz dilinə dayaqdır» və «Yaşasın Azərbaycan» kimi şüarlar səsləndiriblər. Aksiyalar təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində dağıdılıb.
Günaz TV televiziya şəbəkəsi və Amerikanın Səsi radiosunun telefon vasitəsilə bu aksiyalardan verdiyi canlı reportajlarda çox sayda nümayişçinin təhlükəsizlik qüvvələrinin dəyək zərbələri və motosiklet təkərləri altında yaralanıb, xəstəxanaya aparıldığı bildirilib.
Bu arada onlarla vətəndaşın həbs edildiyi bildirilir. Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) son bir həftə ərzində İran Azərbaycanında həbs edilən fəalların sayının 200-dən çox olduğunu təxmin edir.
Urmiyədə fövqəladə vəziyyətə nəzarət edən ordu və təhlükəsizlik qüvvələri şəhərin əsas küçələrində gediş gəlişi tamamilə dayandırmışlar. Buna baxmayaraq 22 may hadisələrinin il dönümü təxminən beş minə yaxın nümayişçinin iştirakı ilə qeyd edilib. Bu hadisələrdə də 60-a yaxın insanın həbs edildiyi bildirilir.
Alınan başqa məlumata əsasən 21 may gecəsi Qoşaçay (Miyandab) şəhərində onlarla fəalın evinə basqın olunaraq, axtarış aparılıb, təxminən 30 fəal həbs edilib.
22 may günü İran Azərbaycanının bir çox şəhərlərində elan edilməmiş fövqəladə vəziyyətlə yanaşı telefon xətlərinin də kəsildiyi bildirilir.
Eyni zamanda əhalini bu kimi etirazlardan uzaq durmağa dəvət edən İranın ali rəhbəri Ayətullah Xameneyinin bəyanatı Azərbaycan şəhərlərinin küçələrinə vurulub və hərbi qüvvələr tərəfindən xalq arasında yayılıb. Bu bəyanatda aksiyalara çağıran şəxslər «sərhədin o tayındakı əcnəbilərin» amili kimi təqdim edilir və onların İranı parçalamaq niyyətində olduğu bildirilir.
2006-cı ilin mayın 22-də İranın rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc olunmuşdu. Bu da İranda yaşayan azərbaycanlıların narazılığına səbəbə olmuş və kütləvi etiraz aksiyaları keçirilmişdi.