«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin ofisində və bu qəzetlərin baş redaktoru Eynulla Fətullayevin evində Mili Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən aparılan axtarışlar başa çatıb.
MTN-in məsul şəxsləri axtarış zamanı jurnalistin evindən heç nə tapılmadığı barədə akt tərtib ediblər.
«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlunun «Media forum»a bildirib ki, redaksiyadan 14 kompüterin prosessoru (yaddaşı) götürülüb: «Bundan başqa, qəzet əməkdaşlarının ən kiçik qeydləri də müsadirə olunub».
MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Eynulla Fətullayevin evində və ofisində aparılan axtarışlar yeni cinayət işinin qaldırılması ilə bağlıdır: «Nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə Eynulla Fətullayevin ofisində, eləcə də onun evində qanunvericiliklə müəyyən edilmiş qaydada axtarış aparılır».
Eynulla Fətullayev aprelin 20-də Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) təqsirləndirilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.