Mayın 16-da Moskvada ilk dəfə olaraq əcnəbi işçilər üçün yarmarka açılıb. Rusiyada yaşayan azərbaycanlı Roman Ağayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, yarmarkanı paytaxt rəhbərliyilə Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti (AZƏRROS) birgə həyata keçirir. Yarmarkaya 20-yə yaxın işçi axtaran şirkət qatılıb. Roman Ağayevin dediyinə görə, iş axtaran əcnəbi işçilərə hüquq, nəqliyyat, tikinti, xidmət və s. sahələrində müxtəlif iş yerləri təklif edilir.
AZƏRROS-un prezidenti Söyün Sadıqov deyir ki, paytaxt rəhbərliyilə əldə edilən razılığa görə, belə yarmarkalar bundan sonra ayda iki dəfə keçiriləcək. Onun sözlərinə görə, şirkətlərin təklif etdiyi iş yerlərində əmək haqqı 500 dollardan 1500 dollara qədərdir.
Moskvaya yeni gəldiyini deyən azərbaycanlı Qalib Ağayev artıq yarmarkada yaxşı iş tapdığını bildirir. O, Azərbaycanda Politexnik İnstitutunu bitirib, Minskdə isə hüquqşünaslıq ixtisasına yiyələnib. Amma Bakıda ixtisasına uyğun iş tapa bilməyib. İndi yarmarkada trolleybus sürücüləri üçün elan oluna boş yerə sənədlərini təqdim edib. Moskvada trolleybus sürməyə 1500 dollar maaş təklif edilir. Onun dediyinə görə yarmarkada onunla birgə iş axtaran xeyli azərbaycanlı var.