Mayın 16-da keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin məhkəmə prosesi davam edib. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gedir.
Əksər jurnalistlər yenə də məhkəməyə buraxmayıblar. Məhkəməyə buraxılmayan jurnalistlər arasında olan «Azadlıq» radiosunun əməkdaşı xəbər verir ki, yerli televiziyalardan yalnız «Lider», ATV və İctimai Televiziyanın əməkdaşları zala buraxılıb. ANS və Space televiziyalarının əməkdaşları da məhkəməyə buraxılmayıb.
Məhkəmədə zərərçəkmiş qismində Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov ifadə verib. Nizami Süleymanov Səbail rayonu, 1128-ci keçid 5-ci meydança adlanan ərazinin yaxınlığındakı «Kristal» zavodunun özəlləşdirilməsində baş vermiş qanun pozuntularına görə zərərçəkmiş kimi tanınıb. Onun ANS PRESS-ə bildirib ki, onu zavodun ucuz qiymətə özəlləşdirilməsinə məcbur ediblər. Müəssisənin özəlləşdirilməsindən ona 650 min ABŞ dolları verilsə də, sonradan həmin ərazi iki milyon dollara satılıb.
Digər zərərçəkənlər isə məhkəmədən narazılıq ediblər. Onlar məhkəmə prosesinə məcburi qaydada gətirildiklərini deyiblər.
İş üzrə təqsirləndirilən Əliyev qardaşlarından başqa İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.