Yasamal Rayon Məhkəməsi Dini Etiqadlar və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlunun üzərində şərti məhkumluq cəzasını saxlayıb.
İbrahimoğlu 2003-cü ilin prezident seçkisindən sonra baş verən iğtişaşlara görə həbs edilmişdi. 2004-cü il aprelin 2-də isə o, məhkəmənin hökmü ilə 5 il müddətə azadlıqdan şərti məhkum edilmişdi. İbrahimoğlu hesab edir ki, üzərində şərti məhkumluğun qalması onun xaricdə keçirilən beynəlxalq tədbirlərə qatılmasına və elmi simpoziumlarda iştirakına mane olur. Ona görə də, Yasamal Rayon Məhkəməsinə müraciət edərək üzərindən şərti məhkumluq cəzasının götürülməsini istəmişdi. Mayın 15-i hakim Şahin Abdullayevin sədrliyi ilə keçən iclasda isə ittiham tərəfinin İlqar İbrahimoğlunun islah olunmadığı haqda iddiaları əsas götürülüb. İttiham tərəfinə görə, İbrahimoğlunun əməllərinə görə peşman olmaması onun islah olunmadığını göstərir.
İlqar İbrahimoğlu isə ittiham tərəfinin və məhkəmənin mövqeyini qərəzli adlandıraraq, hökmdən apellyasiya şikayəti verəcəyini bildirib. O, deyib ki, 2003-cü ilin oktyabrın 15-i və 16-da hüquq müdafiəçisi kimi «Azadlıq» meydanında monitorinq aparıb və heç bir iğtişaşda iştirak etməyib.