Mayın 15-də Sabir bağında aksiya keçirmək istəyən jurnalistlərə imkan verilməyib. Polis bildirib ki, tədbirin keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığından aksiyaya icazə verilməyəcək. Yalnız İçəri Şəhərdə «Bakı xəbər» qəzetinin redaksiyası qarşısında qətnamə oxumasına şərait yarada bilərlər.
Aksiya təşkilatçılarından «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bununla razılaşmayıb və elə Sabir bağındaca qətnaməni oxumağa başlayıb. Ancaq polis buna imkan verməyib, aksiya iştirakçılarının plakatlarını alıb və onları itələyərək bağdan kənarlaşdırıb.
Şahvələd Çobanoğlu bildirib ki, aksiyanın tələbləri dəyişməyib. Jurnalistlər həbsdə olan həmkarlarının azadlığa buraxılmasını, «Diffamasiya haqqında» qanunun qəbulunu, «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmasını tələb edirlər.